BAKI, 12 mart. TELEQRAF

2025-ci ilin təhliləri göstərir ki, Agentliyimizə istehlakçı hüquqları ilə bağlı daxil olmuş müraciətlərin təxminən 30%-i məhz rəqəmsal sahədə olan münasibətlərdən formalaşır.

Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda deyib.

O bildirib ki, bu dinamika təkcə Agentliyin məlumatı, datası əsasında deyil, həm də digər orqanların təhlilləri əsasında da öz əksini tam olaraq tapıb:

“Mərkəzi Bankın yaydığı məlumata görə, hər il elektron platformada olan ticarət nəticəsində nağdsız ödənişlərin sayı dayanmadan artır. Bu sahədə istehlakçı hüquqlarının müdafiə edilməsi üçün bir sıra alətlər var. Elektron, rəqəmsəl sahədə baş verən münasibətlər göstərir ki, artıq ənənəvi istehlakçı və sahibkar arasında olan münasibətlər tamamilə digər bir prizmadan nəzərdən keçirilməlidir".