BAKI, 12 mart. TELEQRAF
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda dörd futbolçu yer alıb.
PSJ klubunun gürcüstanlı vingeri Xviça Kvaratsxeliya "Çelsi" üzərində qazanılan 5:2 hesablı qələbədə iki qol və bir məhsuldar ötürmə ilə yadda qaldığı üçün namizədlər sırasına daxil edilib. "Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde isə "Mançester Siti" ilə qarşılaşmada (3:0) het-trik edərək siyahıya düşüb.
Digər namizədlər isə "Bavariya"nın "Atalanta"nı 6:1 hesabı ilə darmadağın etdiyi matçda iki qol və bir assist müəllifi olan Maykl Olise və "Atletiko Madrid"in "Tottenhem"ə 5:2 hesabı ilə qalib gəldiyi görüşdə iki qol, bir ötürmə ilə fərqlənən Xulian Alvaresdir.