BAKI, 12 mart. TELEQRAF

Mənzil təminatı və dayanıqlı şəhərsalma məsələləri qlobal sülh və təhlükəsizlik arxitekturasının ayrılmaz tərkib hissəsi kimi qəbul edilməlidir.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

İcraçı direktor bildirib ki, hazırda bəşəriyyətin təxminən 60%-i şəhərlərdə yaşayır və bu göstərici yüksəlməkdə davam edir.

Onun sözlərinə görə, dünyada bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məskənlərində məskunlaşıb ki, bu da qlobal mənzil böhranının göstəricisidir:

"Mənzil sadəcə bir dam örtüyü deyil. Bu, sülhün, ləyaqətin və sosial birliyin qurulduğu və ya pozulduğu yerdir. Məhz buna görə də UN-Habitat-ın 2026-2029-cu illər üçün yeni strateji planında adekvat mənzil, torpaq və əsas xidmətlər diqqət mərkəzində saxlanılır".

A.Rossbax Azərbaycanın qlobal şəhərsalma gündəliyinə verdiyi töhfələri xüsusi qeyd edib.

O, Bakının COP29-dan sonra 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməyə hazırlaşmasını yüksək qiymətləndirib:

"Azərbaycanın 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsi çox mühüm siqnaldır. Bu, ölkənin öz şəhərlərinin keyfiyyətinə və bu sahədəki peşəkarlara verdiyi böyük önəmin göstəricisidir. Bakı bu gün Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm dialoq mərkəzinə çevrilib".

Çıxışının sonunda qonaq qeyd edib ki, regiondakı çağırışlara daha çevik reaksiya vermək üçün İstanbulda Şərqi Avropa və Orta Asiya üzrə yeni regional ofis təsis edilib.

O, Forumdakı müzakirələrin real investisiyalara və dayanıqlı şəhər layihələrinə yol açacağına əminliyini ifadə edib.