BAKI, 12 mart. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) struktur islahatlarını tamamlayaraq yeni qlobal sağlamlıq sazişləri üzərində işləri sürətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, ABŞ-nin beynəlxalq əməkdaşlıq sistemindən geri çəkilməsi və təşkilatın ən böyük donoru kimi fəaliyyətini dayandırması ÜST üçün çətin bir prioritetləşdirmə dövrü yaratsa da, bu böhran həm də yeni imkanlar açıb.

Təşkilatın strukturlaşma prosesinin demək olar ki, başa çatdığını deyən T.A.Qebreyesus ÜST-nin artıq daha stabil, güclü və heç bir tərəfdən qorxmadan xalqlara xidmət edəcək qədər müstəqil olduğunu vurğulayıb.

Hazırda müzakirə edilən mühüm sənədlərə toxunan ÜST rəhbəri bildirib:

"Üzv dövlətlər gələcək pandemiyalardan qorunmaq üçün mühüm hüquqi alət olan pandemiya ilə mübarizə üzrə sazişi qəbul ediblər. Hazırda isə patogenlərin sürətli aşkar edilməsi və vaksinlərə ədalətli çıxışı təmin edəcək PAPS (Patogenlərə Çıxış və Faydaların Bölüşdürülməsi) sistemi üzərində danışıqlar gedir. Bu sazişlər xeyriyyəçilik deyil, ölkələrin milli maraqları üçün zəruridir”.

T.A.Qebreyesus çıxışının sonunda forumun təşkilinə görə Azərbaycana və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirərək, bəşəriyyətin ortaq gələcəyi üçün əməkdaşlığın seçim deyil, zərurət olduğunu qeyd edib.