BAKI, 12 mart. TELEQRAF
Qlobal münasibətlər sisteminin son onilliklərin ən gərgin dövrünü yaşadığı bir vaxtda, bəşəriyyətin yeganə qurtuluşu beynəlxalq hüquq normalarına və diplomatik prinsiplərə sadiqlikdən keçir.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos XIII Qlobal Bakı Forumundakı çıxışı zamanı məlumat verib.
O bildirib ki, bəşəriyyət hazırda süni intellektin yaratdığı risklər, iqlim böhranı və sürətlə alovlanan hərbi münaqişələr kimi ciddi sınaqlar qarşısındadır:
“Müharibələrin artıq adi hal almasından narahatlığını ifadə edən natiq, regional gərginlikləri aradan qaldırmaq üçün siyasi ünsiyyətin hələ də ən kəsərli vasitə olduğunu təsdiqləyib. Heç bir ixtilafın hərbi yolu yoxdur, davamlı nəticə yalnız danışıqlar masasında əldə edilə bilər”.
Bölgədə formalaşan yeni mənzərəni qlobal sülh adına örnək göstərən ali nümayəndə qeyd edib ki, 30 illik işğal dövrünün ardından Azərbaycanın öz ərazilərini dünya birliyinin qəbul etdiyi qətnamələr əsasında geri qaytarması böyük tərəqqidir.
Moratinosun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan düzgün siyasət barışığın əlçatmaz xəyal deyil, real hədəf olduğunu sübuta yetirib.
Bəzi Avropa rəsmilərinin "qaydalar artıq keçmişdə qaldı" yanaşmasına sərt reaksiya verən Moratinos, beynəlxalq qanunçuluğun bəşəriyyət üçün əsas istiqamətverici qüvvə olduğunu bildirib.
O, çoxtərəflilik (multilateralizm) ideyasının deyil, sadəcə siyasi iradə və kollektiv həmrəyliyin zəiflədiyini önə çəkib.
Çıxışının yekununda gənclərin barışıq prosesindəki müstəsna roluna toxunan natiq mühüm bir məqamı xatırladıb.
O, rəsmi Bakının maliyyə dəstəyi ilə həyata keçirilən "Gənc Sülh Qurucuları" layihəsi çərçivəsində azərbaycanlı və erməni qadınların birgə fəaliyyətini gələcək sülhün ən ümidverici nümunəsi adlandırıb.