BAKI, 7 yanvar. TELEQRAF

2025-ci ildə qeyri-neft-qaz sektorundan daxilolmalar 12 milyard 6 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 336,1 milyon manat vəsait ödənilib.

Teleqraf Xidmətə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə bu sektordan vergi daxilolmaları 978,7 milyon manat və ya 8,9 faiz artıb.

Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5 milyon manat çoxdur. Əvvəlki ilə nisbətən 2024-cü illə müqayisədə vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5 faiz artıb.

Ödənilən vergilərin 73,4 faizi qeyri-neft-qaz sektorunun, 26,6 faizi isə neft-qaz sektorunun payına düşüb.

2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat olub. Bu mənbədən daxilolmalar 2024-cü illə müqayisədə 11,9 faiz və ya 684,9 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 4,3 milyard manata yaxın təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10 faiz artıb və 228,9 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 173,3 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilə nisbətən 10,5 faiz artıb və 1,1 milyard manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 faiz artaraq 793,4 milyon manatdan artıq təşkil edib.