BAKI, 5 yanvar. TELEQRAF

Bu il “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 250 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Həmin vəsait əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqları-nın istifadəsinə, saxlanılmasına və istismarına yönəldiləcək.

“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 155 milyon manat təşkil edəcəkdir. Həmin vəsait Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müəyyən olunmuş tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə ediləcək.

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun gəlirləri və xərcləri bərabər olmaq-la 52 milyon manat məbləğində vəsait nəzərdə tutulur. Bu vəsait utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satın alınması zamanı tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsinə, habelə utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin həyata keçirilməsinə sərf ediləcək.