BAKI, 20 noyabr. TELEQRAF
Qırğızıstan və Azərbaycan arasında kiberhadisələr və fırıldaqçılıq hallarının qeydiyyata alınması ilə bağlı birgə platformaya ehtiyac var.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasında Ödənişlərdə Dələduzluğun Qarşısının Alınması Komitəsinin sədri Cavidan Əfəndiyev Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda deyib.
Onun sözlərinə görə, iş prosesi zamanı müşahidə edilib ki, Azərbaycanda fəaliyyət göstərən dələduzluq qruplaşmaları ilə Qazaxıstan, Qırğızıstan və ümumilikdə Orta Asiya və Qafqaz regionunda fəaliyyət göstərən qruplaşmalar demək olar ki, eynidir:
"Birgə platformanın dələduzluq hallarının aşkarlanması üçün Orta Asiya və Qafqaz regionunun birgə mübarizəsində çox effektiv rolu ola bilər. Bu istiqamətdə birgə işlərin görülməsi çox arzu olunan, ürəkəçan bir yanaşmadır. Təbii ki, burada hər bir ölkənin Mərkəz Bankının, Banklar Assosiasiyalarının rolu çox böyükdür. Bu istiqamətdə işlər aparılsa, təbii ki, çox yaxşı olardı”.