BAKI, 19 noyabr. TELEQRAF
Çin–Avropa Dəmir Yolu Ekspresinin II Beynəlxalq Əməkdaşlıq Forumunda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüksək keyfiyyətli inkişafı üzrə Birgə Təşəbbüs” sənədi imzalanıb.
Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumata görə, ADY-nin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin–Avropa Dəmir Yolu Ekspresinin II Beynəlxalq Əməkdaşlıq Forumunda (“China–Europe Express Railway Cooperation Forum”) iştirak edib.
Bu forum Çin–Avropa marşrutu üzrə yükdaşımaların dayanıqlı inkişafına dəstək, Asiya və Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsi, həmçinin “Kəmər və Yol” təşəbbüsünün inkişafı üçün əsas beynəlxalq müzakirə platformalarından biridir.
Tədbir çərçivəsində ümumi müzakirələr Çin–Avropa Dəmir Yolu Ekspresi dəhlizindən istifadə səmərəliliyinin artırılması, yükdaşıma həcminin genişləndirilməsi, müasir beynəlxalq logistika sisteminin formalaşdırılması, eləcə də Şərqlə Qərb arasında quru nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə həsr olunub. İştirakçılar təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli multimodal nəqliyyat marşrutlarının yaradılmasının “Kəmər və Yol” layihəsinin inkişafı üçün mühüm faktor olduğunu bildiriblər.
Forumun yekununda rəqəmsal məlumat mübadiləsi, tarif siyasətinin təkmilləşdirilməsi, infrastruktura investisiyaların artırılması, “yaşıl logistika” siyasətinin tətbiqi və s. istiqamətləri əhatə edən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüksək keyfiyyətli inkişafı üzrə Birgə Təşəbbüs” sənədi imzalanıb.