BAKI, 19 noyabr. TELEQRAF
"Açıq Bankçılıqdan Açıq Maliyyəyə keçid Mərkəzi Bankın məlumat ekosisteminin genişləndirilməsi üzrə əsas prioritetlərindəndir. Hazırda 19 kommersiya bankı və milli poçt-rabitə operatoru ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı, 4 bank isə hesab üzrə məlumat xidməti təchizatçısı kimi ekosistemə qoşulub".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.
O bildirib ki, Azərbaycanda "AzQr" standartı təsdiqlənmək üzrədir. Bu standart həm regionlarda, həm də mərkəzdə subyektlərin nağdsız ödənişlərin qəbul edilməsi daha da asanlaşmasına imkan verəcək. Eyni zamanda ödənişlərin xərci azalacaq.
Ümumilikdə, bu keçid yalnız maliyyə institutlarının deyil, eyni zamanda sahibkarların da xərclərini ciddi şəkildə azaltmağı hədəfləyir".
"Biz Mərkəzi Bank olaraq bu dəyişiklikləri, dinamikanı nəzərə alaraq nəzarət mexanizmlərimizi təkmilləşdiririk. Strategiyamıza əsasən bu, risk əsaslı nəzarətə keçiddir. Bu keçidi həyata keçirmək üçün biz bir sıra texnoloji həlləri tətbiq edirik, həm də bu həllərin maliyyə institutları tərəfindən tətbiq olunmasına çalışırıq", - sədr müavini vurğulayıb.