BAKI, 29 oktyabr. TELEQRAF
Bu ilin oktyabrın 1-nə olan xarici dövlət borcu 4 milyard 893,1 milyon ABŞ dolları təşkil edib. Bu, ÜDM-in 6,4 faizinə bərabər olub.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, xarici dövlət borcu bu ilin yanvarın 1-i tarixi ilə müqayisədə 236,6 milyon ABŞ dolları məbləğində azalıb.
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,9 faizini, sabit faiz dərəcəsi ilə olan öhdəliklər isə 51,1 faizini təşkil edib.
Xarici dövlət borcunun 50,7 %-i 5 ilə qədər olan müddətdə, 43,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Qeyd edək ki, xarici dövlət borcunun valyuta tərkibində avronun payı 6,3 %, XBH-nın (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) payı 3,4 %, yapon yeninin payı 3,3 %, digər valyutaların payı isə 1,7 % təşkil edib.