BAKI, 17 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 265.369 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 49.717-si (18,7 %) ilkin, 215.652-si (81,3 %) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 51.148, mənzil – 68.527, torpaq sahəsi – 136.091, qeyri-yaşayış binası – 2.290, qeyri-yaşayış sahəsi – 6.696, əmlak kompleksi – 519, çoxmərtəbəli yaşayış binası – 95 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 75.193-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Əlavə olaraq, dövr ərzində 186.410 texniki pasport tərtib edilib, 44.760 ipoteka müqaviləsi qeydiyyata alınıb.