BAKI, 17 oktyabr. TELEQRAF
2025-ci ildə orta illik inflyasiyanın 5,4 faiz, 2029-cu ildə isə 4,2 faiz olacağı proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi"ndə məlumat verilib.
Məlumata görə, 2025-ci ildə əhalinin gəlirləri 89,9 milyard manat, xərcləri isə 88,1 milyard manat səviyyəsində olacaq. 2026-cı ildə gəlirlər 97,4 milyard manata, xərclər isə 95,5 milyard manata yüksələcək.
Növbəti il- 2027-ci ildə gəlirlər 105,3 milyard, xərclər isə 103,3 milyard manat səviyyəsində proqnozlaşdırılır. 2028-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 113,4 milyard və 111,2 milyard manat olacaq.
2029-cu ildə isə əhalinin gəlirləri 123,2 milyard manata, xərcləri isə 120,6 milyard manata çatacaq.
Qeyd edək ki, gəlirlərin artması müsbət hal olsa da, xərclərin də eyni templə yüksəlməsi əhalinin rifah səviyyəsinə mənfi təsir göstərə bilər.
Məlumat üçün bildirək ki, bu proqnozlar dünya bazarlarında əmtəə, xüsusən də ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası, məzənnənin sabit qalacağı ilə bağlı fərziyyələr, eləcə də tənzimlənən mal və xidmətlərin tariflərindəki dəyişikliklər nəzərə alınaraq hazırlanıb.
