BAKI, 17 oktaybr. TELEQRAF

Bu ilin yanvar – sentyabr ayları ərzində Naxçıvanda istehlakçılara 1,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Teleqraf xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,6 milyon manatdan çox olub.

ƏDV məbləği pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilib.