BAKI, 4 sentyabr. TELEQRAF

Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri çərçivəsində Şəki rayonu ərazisində Şinçay çayında sahilbərkitmə işləri həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, sözügedən işlərlə əlaqədar "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi "Aztikintiservis" MMC ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən, "Aztikintiservis" MMC görəcəyi təmir işlərinin qarşılığında 2 milyon 890 min 483 manat alacaq.

Müvafiq işlərin icrasına ötən gündən start verilib, 2028-ci ilin oktybar ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi bundan əvvəl də bir sıra tikinti-təchziat və layihələndirmə işləri üçün "Aztikintiservis" MMC ilə razılaşmalar əldə edib.

Belə ki, Vəlvələçay keçidində 1-ci Şollar su kəmərinin mühafizəsi tədbirləri ilə əlaqədar layihələndirmə və tikinti işlərinə 2.397.760 AZN manat vəsait ayrılıb və işlər "Aztikintiservis" MMC-yə həvalə olunub. İşlərə ötən ilin dekabrından başlanılıb, 2027-ci ilin fevral ayın qədər başa çatdırılması planlaşdırılır.

Bundan əlavə, Şamaxı rayonunun Böyük Xınıslı kəndinin su təchizatı işlərinin görülməsi məqsədilə "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi eyni MMC-yə 230 088 manat məbləğində vəsait ödəyib. Təchizat işlərinin isə cari ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.