BAKI, 2 sentyabr. TELEQRAF
Xocavənd rayonunun Quzeyxırman kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 10 098 kv.m olan 60 fərdi yaşayış evi təmir ediləcək.
Teleqraf xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi təmir işlərinə 3 milyon 675 min 894 manat vəsait xərcləyəcək.
Təmir işləri “Az-Caspian Construction” MMC-yə həvalə olunub. Müvafiq işlərə avqustun 22 -də başlanılıb, 2026-cı ilə qədər başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, eyni şirkət bu il ərzində həmin qurumun sifarişi ilə Quzeyxırman kəndində 1-ci mərhələ üzrə fərdi yaşayış evlərinin təmirini icra edib. Həmin müqavilənin dəyəri 6 milyon 230 min 240 manat təşkil edib.
Bundan əlavə, “Az-Caspian Construction” MMC Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Əsaslı Tikinti və Təchizat İdarəsi”nin sifarişi ilə Xankəndi şəhərində yerləşən 7 (2-ci və 3-cü) yataqxana tipli yaşayış binasının əsaslı təmirini həyata keçirib. Bu müqavilənin dəyəri isə 4,5 milyon manat olub.
Məlumat üçün bildirək ki, “Az-Caspian Construction” MMC 21 yanvar 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir. Qanuni təmsilçisi isə İbadov Rəşad Əsəd oğludur. Hazırda şirkətin vergi borcu 1 milyon 861min 609 manatdır.