BAKI, 15 avqust. TELEQRAF
Vergi borcu ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Dövlət Vergi Xidmətinə qarşı məhkəmə iddiası qaldırıb. Mərkəz məhkəmədə özünü müdafiə etmək üçün hüquqi xidmət alışı üzrə tender elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb.
O, tenderin ehtimal olunan qiymətinin 17 min 700 manat olduğunu əlavə edib:
“Borca görə iki dövlət qurumu məhkəmədə çəkişir, xərci isə vətəndaş ödəyir. Ağlasığmazdır, amma reallıq budur. Görəsən, öncədən bütün xərcləri bəlli olan bu dövlət qurumunun vergi borcu nə qədərdir ki, indi üstəlik 17 min manat da onun mübahisələndirilməsinə xərclənəcək? Yəni borca görə bir dövlət qurumu digərinə qarşı vəkil tutacaq, haqqını ödəyəcək, amma bu pul da yenə büdcədən, yəni bizim cibimizdən çıxacaq. Həm də maraqlıdır, dövlət qurumlarının çəkişməsi üçün nəzərdə tutulan bu yeni tipli xərc büdcə təsnifatında necə adlandırılacaq?”
Qeyd edək ki, sözügedən tender iyulun 30-da elan edilib. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi avqustun 14-ü olsa da, qurum hələ tenderin nəticələrini açıqlamayıb.
Əlavə olaraq bildirək ki, Dövlət Vergi Xidmətinin “Bir pəncərə” sistemində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin borcunun 0 AZN olduğu göstərilib.