BAKI, 11 avqust. TELEQRAF
Yanvar-iyul aylarında Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 27 min 552 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə Qəbul zamanı vergi qanunvericiliyi və inzibatçılığı, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödənişləri və digər məsələlərlə bağlı ümumilikdə 37 min 784 xidmət göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çoxdur.
Ümumi xidmətlərin 86 faizini şifahi və hazır sənəd verilməsi istisna olmaqla, əsas 9 istiqamət təşkil edib. Bunlar arasında bəyannamələrin təqdim edilməsi, sadələşdirilmiş vergi üzrə ödəniş qəbzlərinin verilməsi, “Asan İmza” sertifikatlarının təqdimatı, fiziki şəxslərin uçota alınması və çıxarılması, uçot məlumatlarının dəyişdirilməsi, vergi ödəyicisinə arayışların verilməsi, fəaliyyətin bərpası və əmək müqavilələri üzrə əməliyyatlar yer alır.
Hesabat dövründə vergi ödəyicilərinə 662 min 75 məlumatlandırıcı bildiriş (məktub) göndərilib, 69 görüş keçirilib, 277 ünvanlı xidmət göstərilib. Bundan başqa, 2082 müraciət əsasında 3700 “Asan İmza” sertifikatı təqdim olunub.