BAKI, 7 iyul, TELEQRAF

Azərbaycanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş 1.768 ƏDV üzrə 14,8 mln. manat vəsait vətəndaşlara ödənilib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, 6 ay ərzində ümumilikdə 2.665 müraciət daxil olub. Onlardan 868 müraciətə isə müvafiq qaydaların tələblərinə əsasən, baxılmaqdan imtina edilib.

Xidmətdən bildirilib ki, alınan yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir.

DVX mənzil tikintisi ilə məşğul olan şəxslərə müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.

Xatırladaq ki, ƏDV-nin bir hissəsinin qaytarılması dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil edilir.