BAKI, 25 iyun. TELEQRAF
Hər il olduğu kimi bu il də artıq təhlükəsizlik mövzusunda yeni çağırışlar bizi gözləyir. Azərbaycanda “deepfake” halları hazırda yoxdur, lakin düşünürük ki, yaxın gələcəkdə artıq bununla bağlı məqamlarla da biz rastlaşacağıq.
Teleqraf xəbər verir ki, bu barədə ABB Bankın “Anti-Fraud” Analitik Komandasının Rəhbəri Araz Həsənzadə “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisinin ikinci günündə çıxışı zamanı deyib.
O xatırladıb ki, 2017-ci ildə bankların mobil tətbiqlərini istifadə etmək üçün mütləq qaydada bankamata yaxınlaşmaq lazım idi:
“Bankomatdan müəyyən bir qəbz götürməli və həmin qəbz əsasında mobil tətbiq üzərində qeydiyyatdan keçməli idik. Bu gün isə banka yaxınlaşmadan belə bank hesabı aça bilirik. Həmin bank hesablarından istifadə edə, hətta kredit götürə və depozit yerləşdirə və bir çox funksional imkanlardan istifadə edə bilərik. Təbii ki, bu funksional imkanların istifadəsi özü ilə müəyyən təhlükələr gətirir.
Bu təhlükələr iki tərəflidir. Birincisi odur ki, bank üçün əlavə təhlükələri yaradır. İkincisi isə, müştəriyə qarşı təhlükələri yaradır. Biz fırıldaqçılıq deyəndə yalnız bankın itkilərini nəzərdə tutmuruq, eyni zamanda müştəri təhlükəsizliyinin təmin olunmasını da nəzərdə tuturuq.
İnsanlarda maliyyə-inkluzivliyi artdıqca onlar daha çox maliyyə resurslarla çıxışı əldə etdikcə artıq dələduzlar daha rahat variantlar taparaq ən aşağı xərclə maliyyə vəsaitlərini ələ keçirə bilirlər”.