
BAKI, 16 iyun. TELEQRAF
"Azərbaycan Hava Yolları" (AZAL) Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bəzi ölkələrin hava məkanlarını bağlaması ilə əlaqədar 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan bir sıra reysləri ləğv edib.
Azal-dan Teleqraf-a verilən məlumata görə Bakı – Dammam – Bakı (J2 8205/8206) ; Bakı – Bəhreyn – Bakı (J2 505/506) ; Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204) ; Bakı – Lahor – Bakı (J2 145/146) istiqamətində nəzərdə tutulan uçuşlar baş tutmayacaq.
Bundan əlavə, AZAL iki istiqamət üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırıldığını da açıqlayıb.
Belə ki, Bakı – Təl-Əviv – Bakı reysləri 18 iyun – 30 iyun tarixləri arasında,
Bakı – Tehran – Bakı reysləri isə 19 iyun – 30 iyun tarixləri arasında həyata keçirilməyəcək.
Qurum bildirib ki, ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Qeyd olunan imkanlardan yararlanmaq istəyən sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.