BAKI, 21 may. TELEQRAF
Şəmkir rayonunda 20 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 17 kilometr olan Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf marşrutları üzrə kəndlərarası avtomobil yolu layihəsinin icrasına başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən ( AAYDA) Teleqraf-a verilən məlumata görə ilkin olaraq layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində yenidənqurma işlərinə başlanılıb. Qeyd olunan hissənin uzunluğu 7 km təşkil edir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların eni 8-10 metrə qədər genişləndirilir.
Aparılan işlər çərçivəsində layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası icra olunur. Artıq müəyyən hissələrdə yeni yol yatağının və yol əsasının inşasına da başlanılıb.
Qeyd edək ki, bütün işlər “İnşaat Norma və Qaydaları”na əsasən sürətlə və keyfiyyətlə icra olunur.