BAKI, 12 may. TELEQRAF
Bu ilin birinci rübündə dünya üzrə neftə tələbat sutkada 104,3 milyon barelə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon barel çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinin rəhbəri Amin Nasser investorlarla telekonfransında bildirib.
"Mövcud dəyişkənliyə baxmayaraq, neft bazarının əsasları güclü olaraq qalır. 2025-ci ilin birinci rübündə neftə tələbat rekord həddə - 104,3 milyon barel olub ki, bu da 2024-cü ilin birinci rübündən 1,7 milyon barel çoxdur", - deyə o söyləyib.
Nasser əlavə edib ki, birinci rübdə dünyada neft emalının həcmi də rekord səviyyədə olub.
Eyni zamanda, “Saudi Aramco”nun rəhbəri OPEC-ə daxil olmayan ölkələrdə hasilat artımının azalmasına diqqət çəkib. Nasserin sözlərinə görə, birinci rübün sonuna qədər qlobal neft ehtiyatları yalnız 40 günlük istehlaka çatacaq.
"Bütün bunlar, xüsusən də yüksək avtomobil nəqliyyatı mövsümünün zirvəsində təchizat risklərini artırır", - deyə o bildirib.
Şirkət rəhbəri onu da vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın dünyanın əksər ölkələrinə tətbiq etdiyi gömrük rüsumlarının neft bazarına yekun təsirini qiymətləndirmək hələ tezdir.