BAKI, 30 aprel. TELEQRAF
2025-ci ilin yanvar-mart aylarında ölkənin qeyri-neft sektoru üzrə ən çox ixrac həyata keçirən qeyri-dövlət şirkətləri açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Teleqraf-a verilən xəbərə görə, siyahıya bu ilin ilk üç ayında 22,2 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirən “MKT İstehsalat Kommersiya” MMC liderlik edir. Ötən ilin eyni dövründə bu şirkət 29,3 milyon dollarlıq məhsul ixrac etmişdi.
İkinci yerdə 20,9 milyon dollarla “AIMKL” şirkətinin Azərbaycandakı nümayəndəliyi qərarlaşıb. Bu şirkət 2024-cü ilin ilk üç ayında cəmi 4 milyon dollar dəyərində ixrac reallaşdırıb. Bu da 5 dəfədən çox artım deməkdir.
Üçüncü pillədə “Baku Steel Company” QSC və “P-AQRO” MMC yer alır – hər iki şirkətin ixrac göstəricisi 11,2 milyon dollardır.
Digər diqqətçəkən nəticə isə “Avrora” MMC-yə aiddir. 2024-cü ilin ilk rübündə 644,3 min dollar ixrac edən şirkət, bu il göstəricisini 9,5 milyon dollara qədər artırıb.
Siyahıda yer alan digər şirkətlərin ixrac göstəriciləri isə “LEPIN LM” MMC -də 9,7 milyon dollar; “Export Stream” MMC-də 8,3 milyon dollar; “KHAN-EL” MMC -də 8,3 milyon dollar; “Bina Aqro” QSC -də 7,4 milyon dollar; “Sahdag Sy” MMC-də isə 7 milyon dollarlıq ixrac reallaşdırıb.