BAKI, 23 aprel. TELEQRAF

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin tikinti işlərinin həyata keçirilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması 457 min 486 manata başa gələcək.

Teleqraf xəbər verir ki, sənədlərin hazırlanması işləri ilə bağlı "Əsaslı Tikinti və Təchizat" MMC ilə "Cronos Construction" MMC və “RT Project Group” MMC arasında müqavilə imzalanıb.

Sənədlərin hazırlanmasına aprelin 22-dən başlanılıb, dekabrın 30-u isə yekunlaşması nəzərdə tutulub.

Qeyd edək ki, "Cronos Construction" MMC bir çox dövlət layihələrinin icraçısı olub. Bakıda Hərbi Qənimətlər Parkının tikintisi, Şuşada "Xarıbülbül" otelinin, "Qarabağ" otelinin təmiri, "Xarı Bülbül Spa" otelin tikintisi, Mehmandarovların ev muzeyinin bərpası, Şamaxıda Yaradıcılıq Mərkəzinin tikintisi, Ağdamda "Qiyaslı" məscidinin, Qəbələdə "Müqəddəs Məryəm Ana Alban Kilsəsi"nin bərpası, eyni zamanda Zəngilan şəhər məscidinin tikintisi bu şirkətə həvalə edilib.

“RT Project Group” MMC şirkəti isə daha əvvəl Şuşada “Asan Xidmət” binasının eksteryer və interyer, Xalça Muzeyinin dizayn həlli, Fizulidə parkın eksteryer, Zəngilanda məscidin interyer, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin binasının isə eksteryer həlli layihələrinin icraçısı olub.

Xatırladaq ki, fevralın 25-də Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. Kompleksin yaradılması məqsədilə Mədəniyyət Nazirliyinə 18,3 milyon manat vəsait ayrılıb.