BAKI, 22 aprel. TELEQRAF

Azərbaycan Mərkəzi Bankı kapital sektorunun inkişafı ilə bağlı gecikən fəaliyyət istiqamətlərini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icrası ilə bağlı hesabatda qeyd olunur.

Hesabata görə, gecikən istiqamətlərdən biri kredit reytinqi agentlikləri haqqında qanun layihəsinin hazırlanmamasıdır. Bununla yanaşı gecikən fəaliyyət istiqamətləri vençur kapital, kraudfandinq platformaları və oxşar vasitələrlə maliyyələşmə imkanlarının təmin edilməsi üçün qanunvericilik çərçivəsinin yaradılmasıdır.

Sözügedən hesabatda ayrıca sektorun inkişafı ilə bağlı atılacaq addımlar qeyd olunub: 1) Məlumatların açıqlanması standartlarına yenidən baxılması; 2) Şəffaflıq və investorlara bərabər yanaşmanın təşviq edilməsi; 3) Bazar iştirakçıları üçün yüksək keyfiyyətli və dolğun məlumatların mövcudluğunun təmin edilməsi; 4) İstiqraz və səhm ticarətinin təkrar bazarda təşviq edilməsi; 5) İnvestisiya fondlarına dair qanunvericiliyin yenidən işlənməsi.