BAKI, 17 aprel. TELEQRAF

Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232,0 mln manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 999,0 milyon manat təşkil edib. Hesabat dövrü ərzində 3 620,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Bu barədə Teleqraf-a ARDNF-dən məlumat verilib.

2025-cü ilin yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 14,9 milyon manat yönəldilib. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 7,0 milyon manat təşkil edib.

Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Mərkəzi Bankın iştirakı ilə həyata keçirilən hərraclarda 2 420,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

2025 – ci ilin birinci rübündə ARDNF – nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.

Sözügedən rübdə inflyasiyanın tədricən zəifləməsi və digər müsbət makroiqtisadi göstəricilər sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik tələblərinin azalmasına səbəb olmuşdur ki, bu da öz növbəsində Fondun borc öhdəlikləri altportfelində müsbət qiymət dəyişikliyi ilə müşayiət olunub.

Son dövrlərdə dünyada gedən gərgin iqtisadi münasibətlər fonunda beynəlxalq ticarətdə tətbiq olunan sərt tənzimləmələr səhm bazarında qeyri-müəyyənlik yaratmaqla ilin əvvəlindən müşahidə olunan qiymət artımı tendensiyasının tədricən öz yerini yenidən qiymətləndirmə itkilərinə verməsinə səbəb olub. Belə ki, rübün sonuna doğru qlobal bazarlarda geriləmələr əsasən ABŞ səhm indeksləri hesabına olsa da, son ayda Avropa səhmlərində də neqativ tendensiya müşahidə olunub.

2024-cü ildən etibarən qızıl qiymətlərində müşahidə olunan artım tendensiyası 2025-ci ilin ilk rübündə də davam etmişdir. Belə ki,geosiyasi gərginliklər fonunda qızıl qiymətləri cari ildə yenidən tarixi rekord səviyyələrinə çatıb. Bu əsasda hesabat dövrü ərzində ARDNF – nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşıb.