BAKI, 17 aprel. TELEQRAF
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 167 ölkəsindən 508,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Gələnlərin 24,7 faizi Rusiya, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olib. Gələnlərin 71,6 faizini kişilər, 28,4 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 4 dəfə, Tacikistandan - 2 dəfə, Çindən - 1,8 dəfə, İordaniyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Hindistandan - 47,6 faiz, Qırğızıstandan - 32,6 faiz, Yaponiyadan - 26,5 faiz, Misirdən - 25 faiz, ABŞ-dan - 17,3 faiz, Kanadadan - 15,2 faiz, Niderlanddan - 12,2 faiz, Pakistandan - 11,5 faiz arıb.
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,8 faiz azalaraq 17,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalaraq 82,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 10,7 faiz azalaraq 170,6 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 11,8 faiz artaraq 237,5 min nəfər təşkil edib.