BAKI, 17 aprel. TELEQRAF
“Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hazırda Bakı Fond Birjası (BFB) QSC-nin “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nda nəzərdə tutulan hansı işlər görülür?
- BFB-nin "2024-2026-cı illər üzrə təsdiqlənmiş Strateji İnkişaf Planı" çərçivəsində bir sıra əhəmiyyətli layihə və təşəbbüslər uğurla həyata keçirilməkdədir. Kapital bazarı dövriyyəsinin və istər səhm, istərsə də istiqraz qiymətli kağızlarının emissiya həcminin artırılması üçün potensial emitentlər üçün kapital bazarı mexanizmləri və qiymətli kağızlar bazarına çıxış imkanlarına dair məlumatlandırıcı tədbirlər keçirilir. Təkcə 2024-cü il ərzində BFB-nin kommersiya departamenti 50-dən çox potensial korporativ emitentlə məlumatlandırıcı görüş keçirib və kapital bazarından istifadə imkanları barədə müzakirə aparıb. İnnovativ maliyyə alətlərinin inkişafı kontekstində BFB-də 2025-ci ildə “yaşıl borc bazarı” seqmenti yaradılmış və bu bazar seqmentində ilk dəfə olaraq Dövlət Neft Şirkəti tərəfindən 200 milyon ABŞ dolları həcmində “yaşıl istiqrazlar”ın yerləşdirilməsi həyata keçirilib. Yerləşdirmə prosesində istiqrazlara alış sifarişi verənlərin 4%-ni hüquqi şəxslər, 96%-ni isə fiziki şəxs olan investorlar təşkil edib. Bundan əlavə, bazar iştirakçılarının ticarət effektivliyini təmin etmək məqsədilə istiqraz qiymətləri və gəlirlilik kalkulyatoru, həmçinin emissiya təqvimi kimi funksional alətlərin hazırlanması prosesi aparılır. Qlobal maliyyə bazarlarına inteqrasiya sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi Fond Birjasına məxsus Tabadul Rəqəmsal Platformasına qoşulmaq üçün hüquqi və texniki bazanın hazırlanması işlərinə başlanılıb. Bu strateji əməkdaşlıq ölkəmizin kapital bazarının regional və beynəlxalq likvidlik mənbələrinə çıxışını təmin edəcək, Ərəb körfəzi ölkələri və qonşu dövlətlərlə sərhədlərarası qiymətli kağız ticarətinə imkan yaradacaq, həmçinin beynəlxalq investorların Azərbaycan kapital bazarında iştirakına zəmin yaradacaq. Qeyd etmək istərdim ki, BFB-nin strateji inkişaf təşəbbüslərinin texnoloji – rəqəmsal həllər vasitəsilə dəstəklənməsinin də təmin edilməsi üçün texnoloji sistemlərin diaqnostikası aparılmış və ticarət sisteminin təkmilləşdirilməsi və mümkün olan tezliklə bazar iştirakçılarının texnoloji sistemlərinə inteqrasiyasının sürətləndirilməsi istiqamətində tədbirlər planı hazırlanmış və icrasına başlanıb.
- Hazırda səhm bazarının 54 faizi qeyri-listinqdir, istiqraz bazarının 67 faizdən çoxu isə dövlət istiqrazları hesabına formalaşır. Sizcə, bu durum, Azərbaycan kapital bazarı üçün nə deməkdir?
- Ümumilikdə, Azərbaycan kapital bazarı hələ ki daha çox dövlət qiymətli kağızlarının dövriyyə üstünlüyünə sahib olduğu bir bazardır. BFB-nin 2024-2026-cı illər üzrə inkişaf strategiyasında kapital bazarında diversifikasiyanın və dərinliyin artırılmasına və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. İstiqraz bazarının stimullaşdırılması istiqamətini əhatə edən dörd strateji təşəbbüsdən ikisi dövlət müəssisələrinin istiqraz buraxılışlarının təşviq edilməsi və korporativ istiqraz buraxılışlarının stimullaşdırılmasıdır. Bu strateji təşəbbüslər bazarın likvidliyini artırmaq və investor bazasını genişləndirmək məqsədi daşıyır. İstiqraz bazarının cari ilin ilk üç ayı üzrə statistik göstəricilərinə əsasən, ticarət həcminin 42%-i korporativ istiqrazlara, 58%-i isə dövlət qiymətli kağızları, ipoteka istiqrazları və Mərkəzi Bank notlarının ümumi həcminə aiddir. Qeyri- listinq siyahısındakı şirkətləri şərh etsək, bu daha çox təşkilati hüquqi forması səhmdar cəmiyyəti formasında olan, lakin şirkət məlumatlarının kütləvi açıqlanmasına hazır olmayan hüquqi şəxsləri əhatə edir. Kütləvi ticarəti təşviq etmək və daha çox şirkətin listinqə cəlb edilməsini həvəsləndirmək məqsədilə BFB tərəfindən 2025-ci ildən etibarən qeyri-listinq siyahısı üzrə ticarətlər məhdudlaşdırılıb. Hazırda, səhmlərin və istiqrazların ticarəti prosesi iki listinq seqmentində tənzimlənir: əsas bazar listinq seqmenti və standart bazar seqmenti. Hər bir seqmenti özündə müvafiq tələbləri və şərtləri ehtiva edir. BFB-nin listinq qaydalarından irəli gələn tələblərə cavab verən potensial emitentlərin cəlb edilməsi üçün BFB tərəfindən Listinq Məsləhət Proqramı çərçivəsində məlumatlandırma və təşviqat işləri aparılır, bazar iştirakçıları ilə mütəmadi görüşlər təşkil edilir və emitentlərə zəruri dəstək göstərilir.

- Özəl investisiyaların cəlb edilməsini nəzərdə tutan dövlət müəssisələrinin siyahısı Azərbaycan Prezidentinin 31 avqust 2023-cü il sərəncamı ilə təsdiqlənib. Siyahıda olan qurumlardan yalnız Azərbaycan Beynəlxalq Bankı səhmlərinin ilkin kütləvi satışını həyata keçirib? Siyahıda olan digər qurumlar səhmlərinin satışını həyata keçirəcəkmi? Bununla bağlı Birjaya müraciət varmı?
- Azərbaycan Beynəlxalq Bankının (ABB) ilkin kütləvi emissiyası səhm bazarını kifayət qədər canlandırdı. Bir çox şirkətlər sözügedən İlkin Kütləvi Təklifdən sonra bu cür səhm emissiyalarına maraq göstərirlər və fikrimcə onların içərisində potensial olaraq emissiyaya hazır olan şirkətlər var. BFB həmin şirkətlərlə Listinq Məsləhət Proqramı çərçivəsində məsləhət və müzakirələr aparır. Emissiya barədə hər hansı bir şirkətin qərarı olarsa, bu açıqlanacaq.
- Beynəlxalq təcrübəyə görə, dövlət müəssisələrinin İlkin Kütləvi Təklifə daxil olmasına məhdudiyyətlər var. Bəs, Azərbaycanda bu durum necədir?
- Beynəlxalq təcrübədə müxtəlif yanaşmalar olsa da, Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılıb. Bildiyiniz kimi, dövlət başçısının 31 avqust 2023-cü il tarixli "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamı bu sahədə xüsusilə önəmlidir. Bu sərəncam iri dövlət müəssisələrinə özəl investisiyaların cəlbi və onların fəaliyyətinin rəqabət mühitinin tələblərinə uyğunlaşdırılması üçün hüquqi təminat yaradıb. Maliyyələşmə mənbələrinin diversifikasiyası və maliyyə payında dövlətin yükünün azaldılması üçün İlkin Kütləvi Təklif (IPO) mexanizmi geniş istifadə olunan bir təcrübədir. Bu təcrübənin uğurlu nümunəsi kimi bank sektorunda fəaliyyət göstərən iri ölkə banklarından biri olan ABB-ni göstərmək olar. 4 sentyabr 2024-cü ildə BFB-də 56 milyon ABB səhmlərinin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi baş tutub. İlkin Kütləvi Təklif prosesinin reallaşdırılması və əməliyyat davamlılığının təmin edilməsi istiqamətində BFB investorlar üçün 2024-cü ilin oktyabr ayından məsafədən ticarəti əlçatan etdi. Bunun nəticəsi olaraq, ABB səhmlərinin aylıq ticarət həcmi bir milyon manata çatıb.

- BFB-də bu gün emitentlərin çoxu banklar və sığorta şirkətləridir. Bəs, Sizcə real sektor kapital bazarına niyə maraq göstərmir? Birja bunun üçün hansı addımlar atmağı planlaşdırır?
- Hazırda kapital bazarlarında maliyyə sektorunun üstünlük təşkil etməsinin səbəbi maliyyə sektorunun kapital bazarlarının tələblərinə daha uyğun olmasıdır. BFB-nin 2024–2026-cı illəri əhatə edən strategiyasında əsas hədəflərindən biri kapital bazarlarının dərinləşdirilməsi və real sektor nümayəndələrinin birjaya cəlb olunmasıdır. Bu istiqamətdə biz emitentlərə davamlı maarifləndirici təlimlər, fərdi məsləhət xidmətləri təqdim etməyi planlaşdırırıq. BFB-nin "Listinq Məsləhət Proqramı" da məhz bu məqsədə xidmət edir – şirkətlərin kapital bazarlarına çıxışa hazırlığına dəstək vermək və qarşılaşa biləcəkləri çətinliklərin həllində onlara yol göstərmək. Görülən tədbirlər nəticəsində yaxın dövrdə real sektordan bazara çıxan şirkətlərin sayında artım gözlənilir.
- İnvestorları əsas düşündürən məsələlərdən biri emitentlərin etibarlılığıdır. BFB investorlara bununla bağlı hansı təminatları verir?
- Emitentlərin daha geniş investor bazarına çıxışını təmin etmək üçün şəffaflığı artırmaq, maliyyə savadlılığını təşviq etmək və bazar iştirakçılığını gücləndirməklə maliyyə bazarlarında daha əlçatan mühit yaratmaq BFB-nin əsas strateji prioritetlərindən biridir. Emitentlər BFB-yə çıxmazdan əvvəl maliyyə şəffaflığı və korporativ idarəetmə baxımından ciddi qiymətləndirmədən keçirlər. Bununla yanaşı, onlar daim ictimaiyyətə açıq və vaxtında məlumat paylaşmaq öhdəliyi daşıyırlar ki, bu da investorların risksiz və əsaslandırılmış qərarlar verməsinə şərait yaradır.