BAKI, 10 aprel. TELEQRAF
Ticarət müharibəsi - ABŞ Prezidenti Donald Trampın 200-ə yaxın ölkəyə idxal rüsumları ilə bağlı qərarları neft bazarında volatilliyi artırıb. Neftin qiyməti son bir neçə gündə 20% ucuzlaşıb. Hətta aprelin 9-da "Brent" markalı neftin qiyməti birjada 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Həmin gün Ağ Ev rəhbərinin 75 ölkəyə 90 gün möhlət verməsi qiymətləri artırsa da, bu gün keçirilən ticarət əməliyyatlarında kotirovkalar yenidən aşağı düşüb.
Teleqraf xəbər verir ki, dünya birjasında "Brent" markalı neftin dəyəri 3,72 faiz ucuzlaşaraq, 63,084 dollar təşkil edir.
Cəmi bir həftə ərzində, aprelin 2-dən 9-a kimi Britaniya xam neft qarışığı "Brent"in fyuçers qiymətləri bir barel üçün 74,2 dollardan 58,8 dollara düşüb. "Ural" neftinin dəyəri isə 2023-cü ilin iyunundan bəri ilk dəfə 50 dollardan aşağı olub.
Ekspertlərə görə, dəyər itkilərində qlobal tələb proqnozlarının aşağı yöndə olmasına baxmayaraq, OPEC+in 2026-cı ilin sentyabr ayına qədər neft hasilatını gündəlik 2,2 milyon barrelə çatdırmaq qərarı da rol oynayıb. Başqa sözlə, bazar neft təklifinin qlobal profisitindən qorxur.