BAKI, 10 aprel. TELEQRAF

Dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsinin artması səbəbindən ABŞ-nin Çinə neft tədarükü demək olar ki, sıfıra enəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

ABŞ-nin Çinə neft tədarükü Prezident Donald Trampın tətbiq etdiyi tariflər səbəbindən böyük həcmdə azalıb.

Agentliyin ekspertləri qeyd edir ki, Pekinin ABŞ idxalına 84% vergi tətbiqi, eləcə də ABŞ-nin rüsumları 125%-ə çatdırması vəziyyəti daha da qaranlıq edib.

"Vortexa Ltd" analitik şirkətinin məlumatlarına görə, ABŞ-nin tədarükü Çin üçün vacib deyil. Bu ilin ilk aylarında Çinin ümumi idxalının təxminən 1%-ni təşkil edib:

"Çinin 84 faiz rüsum tətbiq etməsi ilə ABŞ-nin xam neftinin qiyməti demək olar ki, iki dəfə artaraq 51 dollar/barel olacaq. Bu, ABŞ xam neftinin emalının Çin neftayırma zavodları üçün sərfəli olmayacağı deməkdir.
Çinin ABŞ-dən neft idxalı “mövcud tariflər qüvvədə qalarsa, yaxın aylarda sıfıra düşəcək”.

"Bloomberg" ekspertləri hesab edir ki, Çin Oman və ya BƏƏ kimi Yaxın Şərq ölkələrindən neft almaqla idxalını artıra bilər. Həmçinin İran və Rusiyadan neft alışını artıra bilər.

Qeyd edək ki, 2024-cü ildə Çin Rusiyadan rekord həddə - 108,5 milyon ton neft alıb.