BAKI, 9 aprel. TELEQRAF

Beynəlxalq Valyuta Fondu 2025-ci ildə Azərbaycanda neftdənkənar kəsirin (NDPK) artacağını, daha sonra isə orta müddətli dövrdə azalacağını göstərir.

Teleqraf xəbər verir ki, fond 2024-cü ilin nəticələri ilə müqayisədə, 2025-ci ilin büdcəsində ümumi fiskal balansın neftdənkənar ÜDM-in təxminən 4 faizi qədər zəifləyəcəyini nəzərdə tutur. Yəni profisitdən kiçik kəsirə keçid gözlənilir.

“Proqnozlara görə, hazırkı xərclər üzrə artımın mülayim templə davam edəcəyi, kapital xərclərinin isə bərpa işlərinin tədricən azalması ilə birlikdə azalacağı nəzərdə tutulur. Gəlirlər baxımından isə, 2025-ci ilin sonunda qeyri-neft sektorunda fəaliyyət göstərən özəl şirkətlər üçün tətbiq edilən gəlir vergisindən azadolma müddətinin başa çatacağı və yeni vergi güzəştləri, azadolmalar səbəbilə əlavə vergi itkisi olmayacaq. Yeni xərcləmə tələbləri fiskal konsolidasiyanın davamlılığını təmin etmək üçün əlavə gəlir mənbələrinin tapılmasını zəruri edəcək. Əsas ssenariyə görə, dövlət maliyyəsi üzrə ümumi stress riski aşağı qiymətləndirilir”.

BVF 2025-ci ildə dövri iqtisadi artım səbəbindən fiskal konsolidasiyanın davam etdirilməsi və gələcək nəsillərin karbohidrogen sərvətlərindən faydalanmasının təmin edilməsini zəruri hesab edir

“Dövri baxımdan, güclü iqtisadi artım və proqnozlaşdırılan müsbət istehsal fərqi nəzərə alındıqda, 2025-ci ildə fiskal yumşalma düzgün addın hesab edilmir. Bunun əvəzinə, 2025-ci ildən etibarən hər il neftdənkənar ÜDM-in təxminən 1 ½ ilə 2 faiz nöqtəsi arasında fiskal tənzimləmə saxlanmalıdır. Hazırda neftdənkənar ÜDM-in 6-6 ½ faizi səviyyəsində olmasına yaxınlaşana qədər, təxminən 10 il müddətində davam etməlidir. Bu konsolidasiyanı davam etdirmək Prezidentin fiskal qayda ilə bağlı əvvəlki fərmanları ilə ümumilikdə uyğun olacaq və nəsillərarası ədalətə doğru mühüm bir addım atılmasına imkan verəcək. Gələcək nəsillərin Azərbaycanın karbohidrogen sərvətlərindən faydalanmasını təmin edəcək. Fiskal tənzimləmənin daha da dəyişdirilməsi və təxirə salınması fiskal qaydanın etibarlılığını zəiflədəcək və gələcək nəsillər üçün aktivlərin qorunması istiqamətindəki səyləri çətinləşdirəcək”.

Əhəmiyyətli fiskal konsolidasiyaya nail olmaq üçün genişmiqyaslı bir strategiya tələb olunur:

“Hakimiyyət orqanları yeni gəlir mənbələri tapmaq məqsədilə bir sıra tədbirləri həyata keçirməlidirlər, o cümlədən vergi bazasını genişləndirməli (hakimiyyət orqanları vergi xərcləmələrindən illik gəlir itkisinin 2 milyard AZN-dən çox, yəni ÜDM-in təxminən 1.5 faizi olduğunu qiymətləndirirlər), vergi idarəçiliyi və vergi ödənişlərinin gücləndirilməsi davam etdirilməli və cari vergi sistemi gözdən keçirilməlidir".

Fond xərclər baxımından hakimiyyət orqanlarının əməkhaqqı xərclərinin artımını mülayimləşdirməli və subsidiyaların rasionallaşdırılmasına yönəlməli olduğunu açıqlayıb:

“Bu kontekstdə BVF bəzi tənzimlənən qiymətlərin son artımını alqışlayır. Dövlətin sərmayə xərclərinin tədricən azaldılması və sərmayə effektivliyinin artırılmasına yönəlməsi də fiskal konsolidasiyaya töhfə verməlidir.

Davamlı fiskal tənzimləmə gücləndirilmiş fiskal qayda ilə dəstəklənməlidir:

Hazırda hakimiyyət orqanları əsasən 2022-ci ildəki əhəmiyyətli artım nəticəsində fiskal qayda hədəflərinə riayət edirlər, lakin orta müddətli hədəf dəyişib. Gələcəkdə oxşar geriləmələrin qarşısının alınması və hədəflənmiş kəsirin azaldılması yoluna sadiq qalmaq fiskal qaydanın etibarlılığını artırmaq üçün vacibdir. Bundan əlavə, büdcə qanunvericiliyi sistemində nəzərdə tutulan dəyişikliklər kontekstində, hakimiyyət orqanları fiskal qayda hədəflərindəki dəyişiklikləri minimuma endirmək üçün daha aydın və məhdud bir çıxış maddəsi müəyyənləşdirməyi və avtomatik düzəliş mexanizmi tətbiq etməyi nəzərdən keçirə bilərlər. Həmçinin, illik büdcəni fiskal qayda ilə daha sıx əlaqələndirmək və fiskal riskləri nəzərə almaq istiqamətindəki səylər davam etməlidir”.