BAKI, 9 aprel. TELEQRAF
COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan qlobal iqlim gündəliyinin irəliləməsində mühüm rol oynayıb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) qeyd edib.
Fondun hesabatında bildirilib ki, iqlim siyasətləri Azərbaycanı qlobal enerji keçidinə hazırlayacaq, emissiyaların azaldılmasına və iqlimə uyğunlaşmanın gücləndirilməsinə töhfə verəcək:
“Bundan əlavə, hökumət Milli Uyğunlaşma Planını yekunlaşdırıb və bu il daha iddialı azaldılma hədəflərini təqdim etməsi gözlənilir, hazırda isə 2030-cu ilə qədər 1990-cı il səviyyələrinə nisbətən emissiyaların 35 faiz azaldılması hədəfinə çatmaq istiqamətində işlər davam edir. Hakimiyyət orqanları elektrikləşdirmə planları hazırlayıb, ötürücü şəbəkənin təkmilləşdirilməsi və binalarda və nəqliyyat sahəsində enerji səmərəliliyinin artırılması üzrə təşəbbüslər irəli sürüblər”.
BVF ekspertləri hesab edir ki, Karbon Sərhəd Tənzimləmə Mexanizminin yaxın müddətdə Aİ ilə mövcud ticarətə əhəmiyyətli təsir göstərəcəyi gözlənilməsə də, metallurgiya və kimya sənayelərinə diversifikasiya bu mexanizmdən təsirlənə bilər, neft və qaz sektoru isə orta müddətdə bu çərçivəyə daxil edilə bilər:
“BVF ölkədə 2030-cu ilə qədər qurulu gücdə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması və Dövlət Neft Şirkətinin (SOCAR) sıfır emissiya və metan emissiyalarının azaldılması hədəfləri istiqamətində atılan addımları alqışlayır. Fond, həmçinin, daha səmərəli istifadəni təşviq etmək, yaşıl texnologiyalara və sosial cəhətdən daha həssas təbəqələrə yönəlmiş investisiyalar üçün maliyyə vəsaiti azad etmək məqsədilə birbaşa və dolayı şəkildə tətbiq edilən köhnəlmiş qalıq yanacaq subsidiyalarının mərhələli şəkildə ləğv edilməsinin vacibliyini bir daha vurğulayır”.