BAKI, 9 aprel. TELEQRAF

Azərbaycanda KOB-ların (kiçik və orta bizneslərin) sayının çoxluğunu nəzərə alaraq, onların maliyyəyə çıxış imkanlarının yaxşılaşdırılması da gələcək iqtisadi artım baxımından xüsusilə vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozunda qeyd edilib.

Fondun hesabatında bildirilib ki, son dövrlərdəki irəliləyişlərə baxmayaraq, Azərbaycanın maliyyə və kapital bazarları hələ də kifayət qədər inkişaf etməyib:

"Ölkədə maliyyə resurslarına çıxış daha sürətli və özəl sektorun rəhbərlik etdiyi iqtisadi artım üçün əsas maneələrdən biri olaraq qalır. Hakimiyyət orqanları sabit bank sektoruna nail olunması istiqamətində irəliləyiş əldə ediblər. Bu da maliyyə sisteminin daha da dərinləşməsi üçün zəruri, lakin kifayət etməyən şərtdir. Kapital bazarlarının inkişafına dəstək vermək üçün korporativ idarəetmənin təkmilləşdirilməsi, özəl sektorda mühasibat uçotu və audit standartlarının gücləndirilməsi, hüquqi çərçivələrin müasirləşdirilməsi kimi islahatlar tələb olunur”.

BVF əlavə edib ki, hakimiyyət orqanlarının 2024–2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası bu məhdudiyyətlərin aradan qaldırılmasını məqsədyönlü şəkildə hədəfləyir.