BAKI, 9 aprel. TELEQRAF
İnflyasiyanın Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf intervalı daxilində sabitləşəcəyi proqnozunu nəzərə alaraq, Beynəlxalq Valyuta Fondu (BVF) tənzimləyiciyə pul-kredit siyasətini hazırkı səviyyədə saxlanmağı tövsiyə edib.
Teleqraf xəbər verir ki, fond son dövrlərdə inflyasiyadakı artımı tənzimlənən qiymətlərə edilən düzəlişlərlə edib:
“Cari və proqnozlaşdırılan inflyasiya səviyyəsini nəzərə alaraq, AMB-nin refinanslaşdırma dərəcəsi real ifadədə əsasən neytral olaraq qalır. Bununla belə, inflyasiyaya dair həm daxili (böyüyən büdcə xərclərindən və sürətli kredit artımından qaynaqlanan tələbat təzyiqləri), həm də xarici (geosiyasi gərginliklər, qlobal təchizat zəncirlərindəki pozuntular) risklər mövcuddur. AMB bu riskləri diqqətlə izləməli, ayıq-sayıqlığını qorumalı və risklər reallaşacağı halda lazımi cavab tədbirlərinə hazır olmalıdır”.
Beynəlxalq Valyuta Fondundan AMB-nin pul-kredit siyasətinin transmissiyasını daha da gücləndirməsi vurğulanıb:
“2022-ci ildə tətbiq olunan yeni likvidlik idarəetmə alətləri siyasət faiz dərəcəsinin banklararası faiz dərəcəsinə ötürülməsinin yaxşılaşmasına kömək edib. Banklararası bazarda aktivlik artıb və 2023-cü ilin noyabrından etibarən bir günlük girovsuz əməliyyatlar üzrə orta faiz dərəcəsi AMB-nin faiz dəhlizi çərçivəsində olub. AMB eyni zamanda proqnozların dərc edilməsi də daxil olmaqla pul-kredit siyasəti üzrə kommunikasiyanı gücləndirib. Hakimiyyət orqanları bu nailiyyətlər əsasında irəliləməli və transmissiyanın daha da təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməlidir. Bu baxımdan, təminatlı bazarlarda banklararası əməliyyatların sadələşdirilməsi və pul-kredit siyasəti üzrə kommunikasiyanın inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Bu addımlar pul-kredit siyasətinin effektivliyini artırmalı, milli valyutaya olan etimadı gücləndirməli və orta müddətli dövrdə hibrid inflyasiya hədəfləmə rejiminə keçid üçün zəmin yaratmalıdır”.
BVF-dan o da qeyd edilib ki, hökumətin borc idarəçiliyi əməliyyatları ilə AMB-nin likvidlik idarəçiliyi əməliyyatları arasında daha sıx koordinasiya da tələb olunur.