BAKI, 9 aprel. TELEQRAF
Beynəlxalq Valyuta Fondu 2025-ci ildə Azərbaycanda iqtisadi artımın zəifləyəcəyini proqnozlaşdırır. Quruma görə, investisiyaların azalması, karbohidrogen hasilatının zəif səviyyədə qalması və 2026-cı ilə qədər istehsal fərqinin bağlanması fonunda 2025-ci ildə iqtisadi artım 3.5 faizə enəcək.
Teleqraf xəbər verir ki, fond orta müddətli dövrdə iqtisadiyyatın illik 2.5 faiz səviyyəsində artacağını proqnozlaşdırılır:
“Orta müddətdə xarici mövqenin zəifləyəcəyi gözlənilir – bu da karbohidrogen hasilatının və qiymətlərinin azalması, qeyri-karbohidrogen ixracının isə zəif qalması fonunda ticarət profisitlərinin azalması ilə bağlıdır. Lakin valyuta ehtiyatları güclü olaraq qalacaq. Beynəlxalq ərzaq və enerji qiymətlərinin sabit qalacağı və fiskal qənaətcilliyin davam edəcəyi təqdirdə, inflyasiyanın orta müddətdə Mərkəzi Bankın hədəfi (4±2 faiz) intervalında qalacağı proqnozlaşdırılır”.
BVF-nin məlumatında qeyd edilib ki, enerji keçidi və ya qlobal iqtisadi yavaşlama kimi amillər daxil olmaqla neft və qazın təklif və tələbindəki dalğalanmalar karbohidrogen qiymətlərini azalda bilər. Bu da iqtisadi artıma, xarici mövqeyə və fiskal gəlirlərə əhəmiyyətli təsir göstərəcək.
BVF ölkə daxilində kənd təsərrüfatı istehsalına, ərzaq təhlükəsizliyinə və inflyasiyaya təsir göstərə biləcək ekstremal iqlim hadisələrinin risk mənbəyi olaraq qaldığını bildirib.
Qeyd edək ki, fond Azərbaycanda iqtisadi artımın 2027-2028-ci ildə 2.9, 2029-cu ildə 2.5 faiz səviyyəsində olacağını bildirib.