BAKI, 27 fevral. TELEQRAF
Avropa İttifaqı (Aİ) üzv ölkələrə qalıq yanacaq idxalında qənaət etməyə imkan verəcək yeni enerji fəaliyyət planını açıqlayıb.
Teleqraf xəbər verir ki, Aİ “Təmiz Sənaye Konsensusu” çərçivəsində yayımlanan “Münasib Qiymətli Enerji Fəaliyyət Planı”nda enerji xərclərinin azaldılması, investisiyaların artırılması və enerji təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir.
Belə ki, yeni plan çərçivəsində enerji xərclərinə 2025-ci ildə 45 milyard avro qənaət nəzərdə tutulur. Bu göstəricinin 2030-cu ilə qədər illik 130 milyard avroya, 2040-cı ilə qədər isə 260 milyard avroya çatacağı proqnozlaşdırılır.
Bundan əlavə, Aİ enerji təhlükəsizliyi çərçivəsini də yeniləyərək kiberhücumlar, kritik infrastrukturun təxribatı, eyni zamanda, idxaldan asılılıq risklərinə qarşı bir sıra tədbirlər görəcək və təlimatlar üzv ölkələrə təqdim olunacaq.