BAKI, 14 may. TELEQRAF

Medianın İnkişafı Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və "AzİntTelekom" MMC-nin birgə təşkilatçılığı ilə media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda seminar və təlim keçirilib.

Teleqraf xəbər verir ki, tədbirin açılışında İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ETX-nın rəisi Samir Rəsulov çıxış edib.

Təlim zamanı media qurumlarına edilən kiber hücumlar, kiber gigiyena, informasiya və kibertəhlükəsizlik mövzularına toxunulub. Təşkilatçı qurumların mütəxəssisləri, İsrailin “Technion” Texnologiya İnstitutunun və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçisi media nümayəndələrinə və media qurumlarının IT və kibertəhlükəsizlik əməkdaşlarına mövzu ilə bağlı praktiki biliklər və real nümunələr əsasında təqdimatlar ediblər. Təlimdə iştirakçılara kibertəhlükəsizliklə bağlı risklərin necə müəyyənləşdirilməsi, bu risklərin qarşısının alınması yolları və hücumlara qarşı effektiv müdafiə strategiyaları izah edilib.

Seminarın məqsədi media subyektlərinin rəqəmsal mühitdə təhlükəsiz fəaliyyət göstərmələrini təmin etmək, onların texnoloji savadlılığını artırmaq və potensial təhdidlərə qarşı hazırlıqlı olmalarını təmin etmək olub.