BAKI, 14 may. TELEQRAF

Rəqmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən minimal kibertəhlükəsizlik tədbirləri formalaşdırılıb və aidiyyatı dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Teleqraf xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev Medianın İnkişafı Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti və "AzİntTelekom" MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda təlim zamanı deyib.

O bildirib ki, Azərbaycanda informasiya və kibertəhlükəsizlik tədbirlərinə göstərilən diqqət nəticəsində 2024-cü ildə Qlobal Kibertəhlükəsizlik İndeksində 36 pillə irəliləyərək 12-ci pillədə yer alıb:

“Bu bizi olduqca sevindirən bir haldır. Bu göstərici Azərbaycanda bu sahəyə olan ciddi marağın və həssaslığın bariz nümunəsidir. 2024-cü ildə biz bu yüksək nəticəni əldə etdik, 2025-ci ildə də müəyyən prioritet istiqamətlər var ki, ölkədə bu sahədə aidiyyatı qurumlar tərəfindən ciddi addımlar atılır. Biz 2023-2027-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik strategiyasına baxdığımız zaman informasiya və kibertəhlükəsizliyin gücləndirilməsi üçün bir sıra sahələrdə ciddi tədbirlərin icrası və prioritet istiqamətlərin formalaşdırıldığını görürük. Bu istiqamətlərə rəqəmsal efir məkanında informasiya və kibertəhlüksizlik tədbirlərinin gücləndirilməsidir. Bu tədbirlər çərçivəsində Rəqmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən minimal kibertəhlükəsizlik tədbirləri formalaşdırılıb və aidiyyatı dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Həm Audiovizual Şura, həm də Medianın İnkişafı Agentliyi ilə görüşlər keçirmişik. Ümid edirik ki, bu minimal tələblərin formalaşdırılması rəqəmsal efir məkanında informasiya və kibertəhlükəsizliyinin gücləmdirilməsinin təminatçısı olacaq”.