BAKI, 30 iyul. TELEQRAF

UFC döyüşçüsü Entoni Smit həyat yoldaşını hədələmək ittihamı ilə həbs olunub.

Teleqraf ESPN-ə istinadla xəbər verir ki, 45 yaşlı amerikalı döyüşçü barda baş verən mübahisədən sonra həyat yoldaşına onunla getməkdən imtina edəcəyi təqdirdə ölümlə hədələyib.

Daha sonra qadını zorla avtomobilə mindirdiyi qeyd olunub.

Məlumata görə, qadın avtomobildən qaçmağa müvəffəq olduqdan sonra Smit onu maşınla vurmağa cəhd edib.

Hadisədən sonra Entoni Smit barəsində həbs qərarı çıxarılıb. Döyüşçü daha sonra könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub. Məhkəmə isə onun həyat yoldaşı ilə hər hansı əlaqə saxlamasını qadağan edib.

Qeyd edək ki, Smit qarışıq döyüş sənətlərində 17 illik peşəkar karyeraya malik olub. O, 2019-cu ildə UFC-nin yarımağır çəki çempionu adı uğrunda Con Consa qarşı döyüşsə də, yekdil hakim qərarı ilə məğlub olub.

Amerikalı idmançı 2025-ci ildə "UFC Fight Night" turnirində Jan Minyanqa nokautla uduzduqdan sonra karyerasını başa vurduğunu açıqlamışdı. Lakin bu ilin aprelində Xorxe Masvidalın təşkil etdiyi "Gamebred Bareknuckle MMA" turnirində yenidən rinqə qayıdaraq peşəkar karyerasını bərpa etmişdi.