BAKI, 13 may. TELEQRAF

Azərbaycan kimi futbolun o qədər də inkişaf etmədiyi ölkədən çıxaraq dünyanın “Top-5” liqalarından hesab olunan Almaniya Bundesliqasında forma geyinmək hər kəsə nəsib olmur. Buna nail olan ilk azərbaycanlı Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Emil Balayevdir.

“Ayntraxt”da, daha sonra Qazaxıstan təmsilçisi “Tobol” və “Turan”da legioner həyatı yaşayan, “Neftçi” yetirməsi olan və hazırda bu klubun formasını geyinən qolkiper karyerasında ən parlaq dövrünü yaşayıb.

Emil Balayev Teleqraf-a müsahibəsində legioner həyatı, başına gələn maraqlı hadisələr, çoxlarının bilmədiyi məqamlardan danışıb, bir çox mətləblərə toxunub.

- Futbola gəlişiniz necə oldu?

- ⁠Sirr deyil ki, azərbaycanlı futbolçularda bu idmana sevgi məhəllədən başlayır. Biz də uşaqlıqda həyətdə futbol oynamışıq, sonra bu sevgimi babam gördü, evimizə yaxın köhnə “Neftçi Baza”ya yazdırdı. Beləcə başladım.

- Volqoqradda dünyaya göz açıb 5 yaşında ailənizlə Bakıya dönmüsünüz. Əslən haralısınız?

- Doğrudur, Volqoqradda dünyaya gəlsəm də, 5 yaşından Bakıda böyümüşəm. Əslimiz Şamaxıdandır. Ötən əsrin əvvəllərində Şamaxıda güclü zəlzələ olduqdan sonra qohumların bir hissəsi Aran bölgəsinə köçüb. Hazırda qohumlarımın bir hissəsi Sabirabadda, bir hissəsi isə Bakıda yaşayır.

- ⁠Babanızın sizi futbola yönəltməsinə səbəb nə oldu?

- ⁠Atam boksla məşğul olurdu. Əmim Taleh Balayev vaxtilə “Neftçi”də oynayıb, əsas komanda ilə məşq də edib, amma dizində problemi yaranıb. O zaman səhiyyə bu qədər inkişaf etmədiyindən zədəsinə görə futbolu buraxıb. Bizim veteran futbolçulardan çoxu ilə birgə oynayıb. Xeyir-şərdə görürəm ki, hamısı əmimi tanıyır.

Babamın da futbola böyük həvəsi vardı, “Neftçi” azarkeşi idi. Ona görə məni uşaqlıqda “Neftçi Baza”ya yazdırmışdı.

- Boksla məşğul olan atanız nə əcəb sizi sevdiyi sənətə istiqamətləndirmədi?

- ⁠Atam tələbə olanacan boksla məşğul olub. “Dinamo” cəmiyyətinin üzvü idi. O vaxt indiki kimi idmanda şərait yaxşı olmadığından təhsilə yönəlib. Mənim futbola ciddi marağım vardı. Futbol oynamağa həyətdə başladım. Məsələn, mənə deyirdilər ki, 1 saata evə qayıdarsan, bilirdim, cəzalanacağam, amma bunu gözə alıb gec qayıdırdım. Təxminən 9 yaşım olardı, babam məni futbola yazdırdı. O da, əmim də “Neftçi” ilə futbola gəlmişdi, mən də buradan başladım. Həm də ərazi olaraq yaxın idi, hərtərəfli uyğun olduğundan “Neftçi” ilə başladım.

- ⁠Həmin vaxt kimlərlə futbola başladınız?

- ⁠Hazırda Elşən Abdullayevin adını çəkərdim. “Baku Sportinq”in futbolçusudur, amma vaxtilə o da “Neftçi”də çıxış edib, ən yaxın dostumdur. Həm məhəllədə birgə böyümüşük, həm də futbola birgə getmişik. Müəyyən bir dövrdə millinin U-15, U-17, U-19, U-21 komandalarında və “Neftçi”də birgə oynamışıq, uzun illər otaq yoldaşı olmuşuq. Hazırda komandamız ayrı olsa da, dostluq münasibətimiz necə başlayıbsa, indi də elə davam edir.

- ⁠Futbola gəlişinizdə rol oynayan məşqçi kim oldu?

- ⁠Uşaqlıqda komanda məşqçimiz Vaqif Hidayətov, qapıçı məşqçilərimiz Üzeyir İbrahimov və Emil Babayev idi.

- ⁠Əsas komandaya 17 yaşında gəldiniz. Necə xatırlayırsız?

- ⁠Çox gözəl dönəmlər idi. Bir illik “Sumqayıt”a icarəyə getdim, 2011/2012 mövsümü idi. İlk Premyer-Liqa təcrübəmi orada topladım. “Sumqayıt”da almaniyalı baş məşqçi Bernhard Raab idi, məni bəyənib dəvət etmişdi. Klub prezidenti isə Kamran Quliyev idi. Düzdür, orada rəsmi oyuna çıxmadım. İcarə müddətim bitəndə, 2012-ci ildə “Neftçi”yə qayıtdıqda qapıçılar heyətində məniydim, Rauf Mehdiyev idi, bir də Saşa Stamenkoviçdi. Həmin dönəmlərdə çox təcrübəli oyunçularımız vardı. Flavinyo, Julius Vobay, Nikolas Kanales kimi əcnəbi, Rəşad Sadıqov, Rail Məlikov, Mahir Şükürov kimi yerli oyunçuların dövründə “Neftçi”də oldum. Bu, mənim üçün çox gözəl təcrübə idi. Köhnə şəkillərə baxanda, bazada gəzəndə o dönəmi xatırlamaq xoş hiss yaradır məndə.

- ⁠”Neftçi”də debütünüz necə oldu?

- 2012-ci ildə, Böyükağa Hacıyevin baş məşqçi olduğu vaxtda çempionluğu rəsmiləşdirməzdən qabaq idi. Avrokubok oyunlarında Saşa Stamenkoviç oynayırdı. UEFA Avropa Liqasında bizim düşdüyümüz qrupda “Rubin” (Rusiya), “Partizan” (Serbiya) və “İnter” (İtaliya) təmsil olunurdu.

Komanda hansısa səfərdən döndükdən bir neçə gün sonra “Sumqayıt”la oyunumuz vardı. O zaman debüt etdim, təəssüf ki, uğursuz alındı. İstərdim ki, ilk oyunum qələbə ilə bitsin, amma məğlub olduq. Amma çox cavan yaşda əsas heyətdə yer aldım.

- ⁠Həmin dönəmlərdə rəqabət güclü olduğundanmı icarə əsasında “Sumqayıt”ın ardından “Araz-Naxçıvan”a getdiniz?

- ⁠Təbii ki, “Neftçi” həmişə ambisiyalı komanda olub. Heç kim üçün sirr deyil ki, flaqman çalışıb ən yüksək yer uğrunda - çempionluq üçün vuruşsun. Qapıçı mövqeyi də çox məsuliyyətli mövqedir. Ona yaxşı təcrübə lazım olur. Mən də onda cavan idim, yuxarıda adlarını sadaladığım oyunçularla bir komandada idim. I Liqada “Araz-Naxçıvan” təmsil olunurdu, səhv etmirəmsə, rəhbərliklərin yaxşı münasibətləri yaranmışdı. Təklif göndərdilər, bildirdilər ki, bu, mənim üçün təcrübə olar. Rəhbərlik də, mən də razılaşdım. İcarəyə getdim və I Liqada çempion olduq. Hətta Premyer-Liqada Zaqatalanı təmsil edən “Simurq” komandası var idi, onları penaltilərdə kubokdan kənarlaşdırdıq. Mən onda, səhv etmirəmsə, 2 penaltini çıxardım. Növbəti mərhələdə “Xəzər-Lənkəran”la qarşılaşdıq, o zaman onların yaxşı vaxtları idi. Yenə də Naxçıvanda 1:1 oynadıq. Oyunda penalti təyin etmişdilər, “Xəzər-Lənkəran”da Sadio Tounkaranın penalti zərbəsini dəf etdim. Lənkərandakı cavab oyununda isə 0:1 məğlub olduq və mərhələni onlar keçdi. Gənc idim, 18-19 yaşım var idi. İcarədən geri döndükdən sonra yarışlarda bəzən Saşa Stamenkoviç, bəzən mən oynayırdım. O vaxt limit qoyulmuşdu ki, 21 yaşa qədər ən azı bir yerli futbolçu oynamalıdır, lakin mənimlə bərabər eyni anda bir neçə 21 yaşlı futbolçu oynayırdı. Qayıtdıqdan sonra “Qəbələ”, “Xəzər-Lənkəran”a qarşı oyunlarda meydana çıxdım.

- Gənc qapıçı olaraq parladınız və Almaniya nəhənglərindən “Ayntraxt”dan təklif aldınız…

- Onlar məktubla müraciət etmişdilər. Həm klub rəhbərliyi ilə, həm də ailəmlə məsləhətləşdim və qərara gəldim ki, təklifi dəyərləndirməliyəm. Beləcə, “Ayntraxt Frankfurt”a transferim baş tutdu.

- ⁠Bundesliqadan necə oldu ki, sizə təklif gəldi?

- ⁠O vaxtı milli komandada Berti Foqts (2008-2014) baş məşqçi idi. Yığmaya ilk dəvət olunanda 14 yaşım var idi. Düzdür, həmin toplanış seleksiya xarakterli idi. 2008-ci ilin dekabrı idi, indiyə qədər yadımdadır. Müəyyən dövr sonra davamlı çağırmağa başladı. Volfqanq Rolf o anda “Ayntraxt”da da Tomas Şaafın köməkçisi idi. Həmin vaxt gənc qapıçılarla maraqlanırdılar. Rolf məni yığmanın məşqlərində gördü və 2014-cü ilin sonlarında belə bir təklif irəli sürdü ki, istəsən yoxlama kimi Frankfurta gəl. Yoxlanışa getsəm belə, bu, təcrübə olacaqdı. 2014-cü ilin noyabrında Almaniyada klubun düşərgəsinə yoxlanış üçün getdim. “Neftçi”də də hər kəs məni dəstəkləyirdi. Çünki “Top-5” liqalardan biri idi, istəyirdilər yetirmələri olan komanda nüfuzlu komandada olsun. Getdim, 4-5 gün sonra dedilər ki, biz səninlə müqavilə imzalayacağıq.

- ⁠Bundesliqada çıxış edən ilk azərbaycanlı futbolçusunuz. Orada olduğunuz müddət yaddaşınızda necə iz buraxdı?

- ⁠İlyarım komandada keçirdim, 3 baş məşqçi ilə işlədim. Baş məşqçi Tomas Şaaf məni komandaya götürdü, amma müəyyən müddət sonra istefa verdi. Sonra onun əvəzinə Armin Fe gəldi. Düzdür, onun Tomas Şaafın futbolçularına simpatiyası yox idi. Ancaq bir müddət sonra uğursuzluqlarına görə o da getdi, Niko Kovaç yeni baş məşqçi təyin olundu. Açığı, arada menecerimlə danışmışdılar və mənə daha uzunmüddətli müqavilə təklif etmişdilər. Cavan vaxtlarım idi, nədənsə ilyarım istədim. Fikirləşirdim ki, Kevin Trapp kimi qapıçı var, birdən oynaya bilmərəm. Lakin bu qərar mənim cavanlıq təcrübəsizliyim oldu. İstərdim ki, daha çox müddət karyeram o komanda ilə bağlı olsun.

- ⁠Bu ilin yanvarında “Ayntraxt” “Qarabağ”la UEFA Çempionlar Liqası oyunu üçün Bakıya gəlmişdi. Kimlərləsə görüşdünüz?

- ⁠Orada ilyarım keçirməyimə baxmayaraq, Bakıya gələrkən mənimlə əlaqə qurdular. “Səni görmək istəyirik” deyib, qaldıqları hotelə dəvət etdilər. Həmin dönəmdən sadəcə bir oyunçu qalmışdı. Rəhbərlik, xarici oyunçularla işləyən şəxslər, miqrasiya xidmətləri və ya komandanın administratoru - hamısı məni tanıyırdılar. Futbolçulardan Timoti Çendler var, düzdür, artıq əsas heyətdə yer almır. Amma bir təcrübəli futbolçu kimi oradadır, 2011-ci ildən bu klubda çıxış edir. Onu da gördüm, keçənləri yada saldıq.

“Ayntraxt”da oynadığım vaxtlar onların Azərbaycanla bağlı çox məlumatları yox idi. Düzdür, ona qədər Avropa Liqasının təsnifat mərhələsində “Qarabağ”la oyun üçün Bakıda olmuşdular. Son söhbətimizdə bu illər ərzində Bakının necə dəyişdiyini, gözəl şəhər olduğunu dedilər. Sonra vaxt edib təşkilatçılıqla məşğul olan və “Ayntraxt”ın da keçmiş futbolçusu olan Kristof Proys bizim bazanı görmək istədi. Mən ona “Neftçi”nin bazasını göstərdim. Bura onun çox xoşuna gəldi.

- ⁠Almaniyada olduğunuz müddətdə başqa klublardan təklif almışdınız?

-⁠ II Bundesliqadan “Ayntraxt Braunşveyq” klubundan mənə təklif gəlmişdi. Sadəcə müəyyən səbəblərdən alınmadı. Sonra Bakıya döndüm. Çünki “Ayntraxt”da olduğum müddətdə müəyyən zədələrim var idi. İlyarımda 3 dəfə zədələndim. Ona görə müəyyən məşqləri buraxdım və müqaviləm bitdikdən sonra Bakıya qayıtdım.

- ⁠Dediniz ki, II Bundesliqadan təklif aldınız. Bəs legioner həyatı yaşamaq çətin oldumu, yoxsa başqa səbəbdən qalmadınız?

- Vətən sevgisi hamıda var. Amma bir insan qarşısına məqsəd qoyursa, buna nail olmaq üçün ən azından cəhd etməlidir. Mən də Almaniyada qalmaq istədim. Sadəcə həm zədə amilini qeyd edərdim, həm də aldığım təkliflərdə mənə uyğun gəlməyən şərtlər var idi. Məndə Bakısız bacarmıram deyə bir hiss yox idi. Karyeram önəmli idi, bütün fikrimi buna yönəltmişdim. Sadəcə müəyyən məqamlar mənim istədiyim kimi olmadığından vətənə qayıtdım.

- ⁠Almaniyada dil və ya başqa problemlərlə üzləşdiniz?

- ⁠İngilis dilini bilirəm deyə heç bir problem yaşamadım. Hətta “Ayntraxt” komandası bizə müəllim tutmuşdu, tək mənə yox, çoxlu əcnəbi futbolçularla birgə alman dili dərsləri keçirdik. Az-maz alman dilini də bilirəm.

- ⁠Mahir Emreli də hazırda Almanya II Bundesliqasında - “Kayzerslauten”də çıxış edir. Ora gedərkən sizdən məsləhət aldı?

- ⁠Həmişə tərəfdarı olmuşam ki, azərbaycanlı futbolçularımız xaricdə legioner həyatı yaşasın. Biz unutmamalıyıq ki, Mahir Emrelinin nailiyyətləri elə-belə, sıradan deyil. Çünki “Napoli” kimi komandaya qol vurmaq, bunu edən ilk azərbaycanlı olmaq özü də bir tarixdir. Fərqi yoxdur Bundesliqaya getdi-getmədi, bizim həmişə Mahirlə əlaqəmiz olub. Sırf bu mövzuda da söhbət etmişik, amma konkret məsləhət olmayıb.

- ⁠2016-cı ilin iyulunda Almaniya klubundan Bakıya qayıtdınız və oktyabra qədər klubsuz qaldınız...

- Dörd ay klubsuz qaldım. Zədədən yavaş-yavaş özümə gəlirdim. Həmin ərəfələr dizdən, həm də çənə nahiyəmdən əməliyyat olunduğumdan müəyyən müddət məşqləri buraxmışdım. Yadımdadır, mən, Aqil Məmmədov, Kamran Ağayev və Rəşad Əzizli - dördümüz birgə Bakı Olimpiya Stadionunda məşq edirdik. Çempionat başlayanda onların hərəsinin bir komandası var idi. Tək mən komandasız qaldım.

- Sizə “Qarabağ”dan təklif gəldi. Bu necə oldu?

- ⁠Haradasa oktyabr ayı idi. Qurban Qurbanov həmin çətin vaxtlarımda mənə dəstək oldu. O dönəmdə nə qədər fərdi məşqlər etsəm də, komanda məşqi başqa şeydir. Sağ olsun, Qurban müəllim mənə kömək etdi və kollektivi hiss etməyə başladım. Onda “Qarabağ”da Şahruddin, İbrahim Şehiç, Boyan Şaranov kimi qapıçılar vardı. Hamımız birgə məşq edirdik, çox mehriban kollektiviydik. Qış fasiləsində “Səbail”dən təklif gəldi. Qapıçı mövqeyi elədir ki, mütəmadi oynamaq lazımdır. Mən də fikirləşdim ki, niyə yox deyim... Daha əvvəl “Araz-Naxçıvan”da bir dəfə birinci liqada çempion olmuşdum, düşünürdüm, bu, yenidən baş verə bilər. Qurban müəllimlə danışdım, o da mənim inkişafımı fikirləşdi və icarə əsasında “Səbail”ə getdim, I Liqada çempion olub Premyer Liqaya vəsiqə qazandıq. Sonra birdəfəlik “Səbail”lə müqavilə imzaladıq.

- Daha sonra isə Qazaxıstan “Tobol”undan təklif aldınız...

- ⁠"Səbail"lə Premyer Liqada artıq bir mövsüm keçirmişdim. 2019-cu ildə qış toplanışında İsveçrə komandası “Zürih”lə yoxlama oyunumuz var idi. Həmin oyunda mənim xəbərim olmadan gələcəkdəki komandam Qazaxıstan “Tobol”unun nümayəndələri baxmağa gəlmişdi. Bu oyunu 1:1 oynamışdıq, yaxşı çıxış etmişdim. Sonra təklif gəldi və dəyərləndirdim. Qazaxıstanda da hava durumuna görə çempionat martda başlayır və noyabrda bitir. “Tobol”la müqavilə bağlamağım belə baş verdi.

- ⁠Karyeranızın ən yaxşı dövrlərini orada yaşadınız. Başqa klublardan təklif oldumu?

- Düşünürəm ki, hər bir futbolçu klubda olduğu müddətdə bütün fikrini çalışıb öz klubuna yönləndirməlidir. Çünki klubun qarşısında bizim müəyyən öhdəliklərimiz olur və onu maksimum yerinə yetirməliyik. Təkliflər və ya başqa söz-söhbətlər ola bilər ki, adamın fikrini yüzdə-yüz toplamağa mane olsun. Düzdür, yayda müəyyən söz-söhbətlər oldu. Amma ikiillik müqavilə bağladığımdan o barədə düşünmürdüm. Çalışırdım ki, bütün konsentrasiyam klubun uğurlarına yönəlsin. Çünki mən o klubun şərəfini qoruyarkən Azərbaycan millisində də debütümü etdim.

- ⁠Millidə debütünüzü necə xatırlayırsınız?

- ⁠2019-cu il Xorvatiya yığmasına qarşı oynadım. Xorvatiya vitse-çempion idi, finalda Fransaya məğlub olmuşdular. Yaxşı heyətləri var idi. O ana qədər xal yığmamışdıq və mənim ilk oyunum idi. Şükür, “Bakcell Arena”dakı oyunda 1:1 heç-heçə edib xal qazandıq. Bu da bir uğur sayılardı. Debütüm yaxşı alındı.

- Qazaxıstanda uğurlu karyeranız oldu, bəs nə üçün ilin sonunda Azərbaycana qayıtmaq qərarına gəldiniz?

- Qeyd etdiyim kimi, Qazaxıstanda çempionatın reqlamentinə görə noyabrda mövsüm bitdi. Artıq şayiələr gəzirdi ki, erməni əsilli baş məşqçi gələcək. Düzdür, Qazaxıstan vətəndaşıdır, sadəcə milliyyəti ermənidir. Qriqori Babayan gəldikdən sonra komandadan ayrılmaq qərarı verdim. Hər insanın öz həyat prinsipləri olur. Biz Ermənistanla müharibə şəraitində idik, durum hamıya məlumdur. Mənim o həyat prinsiplərim karyeramdan daha üstündür. Ona görə müqaviləm olsa da, komandadan ayrılmaq istədim. Amma futbol tərəfdən baxsaq, ilin sonunda ayrılmaq qapıçı üçün daha çətindir. Çünki adətən komandalar mövsümün ortasında hücumçu və ya yarımmüdafiəçilər axtarırlar. Ona görə müəyyən bir müddət komandasız qaldım.

- ⁠Ayrılmaq qərarınıza necə yanaşdılar?

- Dərhal ayrıla bilmədim. Çünki komanda da məni buraxmaq istəmirdi. Mən öz mövqeyimi onlara bildirdim. Bu, fevrala qədər çəkdi.

- Həmin vaxt sizə Norveçin “Budo/Qlimt” klubundan təklif gəlmişdi. Niyə anlaşa bilmədiniz?

- O zaman Budo şəhərinə uçdum. Mənə deyilən şərtlər oradakı kimi deyildi, bu da əsasən maliyyə ilə bağlı idi. Menecerin anlaşılmazlığına görə fikrimdən daşındım, müqavilə bağlamadım və vətənə qayıtdım.

- “Budo/Qlimt”in 2020-ci ildə yeni-yeni parlayan vaxtları idi…

- ⁠ Norveç çempionatının bürünc mükafatçısı idi... Braziliyalı qapıçıları var idi, Türkiyənin “Ankaragücü” komandası onu almışdı. İndiki Nikita Haykin isə ikinci qapıçı idi. Mənə dəvət göndərmişdilər, amma bir-birimizi anlamadığımız üçün alınmadı.

- ⁠Bu mövsüm kiçik bir ada şəhərinin komandası olan “Budo/Qlimt” Çempionlar Liqasının “24-lüy”ünə düşdü. İndi düşünəndə belə bir klubda legioner həyatınız olmasını istərdiniz?

- ⁠Sonrakı peşmanlıq fayda verməz. Həmin an üçün bütün fikrimi karyerama yönəltmişdim. Açığı, peşmanlıq hissi yaşadığımı deməzdim.

- 2020-ci ilin martında “Zirə”yə gəldiniz və cəmi bir oyun keçirdiniz…

- ⁠Qayıdanda fevral ayı idi, düşündüm yaya qədər elə bir klubla anlaşım ki, oyun təcrübəmi itirmədən yeni komanda axtarışına çıxa bilim. Martın əvvəlində “Zirə” ilə müqavilə bağladım. Cəmi bir oyundan sonra pandemiya ilə bağlı yaya qədər məşq və ya oyunlar olmadı.

- ⁠Yayda ikinci dəfə “Qarabağ”a keçidiniz necə baş tutdu?

- ⁠Sağ olsun Qurban Qurbanovu, komandasında olmağımı istədi. Mən də keçmiş illərdə - millidə baş məşqçimiz olarkən dəstəyini, köməyini görmüşəm. Bir böyük kimi Qurban müəllim barədə ancaq xoş sözlər deyə bilərəm. Hərtərəfli dəstəyini hiss etmişəm. Müəyyən məqamlarda olub ki, ünsiyyət saxlamışıq, danışmışıq və böyük kimi məsləhətlərinə ehtiyacım olub. Elə bir təklifi ondan eşidəndə heç bir sorğu-sualsız “hə” deyərək razı oldum. Beləliklə də “Qarabağ”la müqavilə bağladım.

- Nə üçün rəqabətdə Şahrudinə uduzdunuz?

- ⁠Şahruindən əvvəl əsas qapıçı Asmir Beqoviç idi, mən gələndə artıq klubdan ayrılmışdı. Şahrudinlə “Qarabağ”dan əvvəl də indiyədək davam edən dostluq münasibətlərimiz var. Mən ora gedəndə qışdan yaya, yəni mövsümün sonuna kimi, daha doğrusu, pandemiyaya görə çempionatın dayanmasına qədər “Qarabağ”da zəhməti var idi. Bunun qarşılığında yeni mövsümdə oyunlara o çıxmağa başladı və uğurlarına görə davam etdi. Biz bir-birimizə həmişə dəstək olmuşuq. Mən millidə oynayanda o ehtiyatda oturur, kluba qayıdanda isə mən ehtiyatda otururdum, o oynayırdı. Futbol mövsümün əvvəlində Şahrudin avrokubok oyunlarında meydana çıxır, mən isə Azərbaycan çempionatında meydanda olurdum. “Qarabağ”da olduğum müddətdə 17 oyuna çıxdım. Artıq avrokuboklarda mübarizəni dayandırdıqdan sonra Şahrudin daha çox oynamağa başladı.

- ⁠2021-ci ildə yenidən Qazaxıstana üz tutdunuz. “Turan” karyeranızı necə xatırlayırsınız?

- ⁠2022-ci ildə “Qarabağ”da qış təlim-məşq toplanışında idik. Ondan öncə sabiq baş məşqçim Georgi Qazzayev “Turan”la yeni müqavilə imzalamışdı və yenidən məni öz komandasında görmək istəyirdi. Belə şans düşəndə Qurban müəllimlə məsləhətləşdim, dedim, daha çox oyun təcrübəmin olmasını istəyirəm. O da məni başa düşdü, dedi, istəyərəm sən daha çox oynayasan. Mən ora getdikdə komanda 2-3 oyun uduzmuşdu. Gedən kimi xırda zədə aldım. 3 həftə çəkdi, bu müddətdə məğlubiyyətlər artdı və Qazzayev istefaya göndərildi. Yeni gələn məşqçi mənə daha az şans verdi. Mart ayından iyuna qədər Qazaxıstanda oldum. Mayda ailə həyatı qurdum və yenidən Azərbaycana qayıtdım. “Səbail”lə müqavilə imzaladım.

- ⁠Bir zamanlar karyeranızın yüksəlişində idiniz. Azarkeşlərin də sizdən gözləntilər böyük idi. Emil Balayevi verdiyi hansı qərar geri saldı?

- ⁠Onu mən dəqiq deyə bilmərəm. Amma fikirləşirəm, hər nə qərar vermişəmsə, mənim üçün təcrübə olub. Heç bir peşmanlıq hissi duymuram. Başqa qərarlar versəydim, ola bilər, daha yüksəkdə və ya aşağı yerdə olardım. Amma hazırda “Neftçi”dəyəm, buna görə də çox xoşbəxtəm.

- ⁠”Neftçi”nin yetirməsisiniz. Amma “Ayntraxt”dan ayrılıb 4 ay klubsuz qaldığınız müddətdə təklif almadınız. Gözləyirdinizmi?

- Açığı, keçmiş inciklikləri yada salmaq istəmirəm. O zaman “Neftçi”də başqa rəhbərlik idi. İndiyə qədər yadımdadır, “Ayntraxt”dan vətənə qayıtdıqdan sonra, 2016-cı il idi, elə bir dönəm oldu ki, “Neftçi”dən rəsmi yox, eləcə “istəsən bazada məşq edə bilərsən” deyə bir təklif gəldi. Ad çəkmək istəmirəm, artıq keçmişdə qalıb. Ancaq mənə rəsmən müqavilə təklif edən olmadı. Həmin vaxt “Neftçi” çox çətin dönəmlərindən keçirdi, “Qəbələ”yə Masazırda 0:8 hesabı ilə məğlub olmuşdu. Mən isə zədədən sağalmışdım. Buna baxmayaraq “Neftçi”dən həmin vaxt mənimlə maraqlanan, təklif göndərən olmadı ki, sən bizim yetirməmizsən, gəl bizimlə birgə ol. Bu, bir az xətrimə dəymişdi. Ancaq hər şey keçmişdə qaldı. Biz “Neftçi” sevgisi ilə böyüyən uşaqla idik. Məktəbdən çıxanda uşaq yaş qruplarında məşqdən sonra “Neftçi”nin köynəyini əynimizdən çıxarmırdıq ki, şəhərdə bu cür gəzək, bilsinlər bu klubun futbolçusuyuq. Biz bu cür düşüncə ilə böyümüşük.

- ⁠2023-cü ildə “Neftçi”yə qayıtdınız və qısa zaman sonra ağır zədələndiniz...

- ⁠2023-cü ildə yayda “Səbail”dən “Neftçi”yə transfer olundum. Çox gözəl hiss idi. Çünki bu yaş qruplarında olan futbolçular həmişə fikirləşmişik ki, “Neftçi” bizim üçün çox böyük dəyərdir. Uzun müddət sonra bu kluba qayıtmaq çox böyük hisslər yaşadırdı. İki həftə sonra Sankt-Peterburqda təlim-məşq toplanışında idik. Rusiyada turnir təşkil olunmuşdu, “Fənərbağça”, “Zenit”, “Srvena Zvezda” və biz idik. “Srvena Zvezda”ya qarşı yoldaşlıq oyununun sonuncu dəqiqəsində zədələndim. İndiyə qədər yadımdadır, irəliyə qaçış etmək istəyəndə arxadan ayağımın aşağı nahiyəsində çox böyük zərbə hiss etdim. Düşündüm mən qapıçıyam, mənim arxamda kiminsə olması ehtimalı yoxdur. Hətta çevrilib arxaya baxdım, həmin anda “Srvena Zvezda”nın azarkeşləri torun arxasında idilər, onların meydana daxil olmaq şansları yox idi. Artıq başa düşdüm ki, axil vətərim qopub. Çünki zərbə möhkəm idi, 3-4 il qabaq “Səbail”dəki komanda yoldaşım Eltun Yaqublu eyni zədəni keçirmişdi və mənə yaşadığı hissləri danışmışdı. Dərhal başa düşdüm ki, eyni zədədir. Məşqçilər və həkimlər məni sakitləşdirməyə çalışsalar da, dedim, bilirəm, axil vətərim gedib. Bu, futbolda ən çətin zədələrdəndir. Karyeramda belə bir uğursuzluq yaşadım.

- Həmin il ikinci dəfə zədələndiniz və bir il yaşıl meydanlardan uzaq qaldınız.

- İlk əməliyyatımdan 4 ay sonra - 2023-cü ilin noyabrında yenidən ikinci dəfə eyni ayağımda axil vətərim qopdu. Artıq bu dəfə fikirləşdim ki, elə dünyada ən yaxşı cərrahlardan birinə müraciət etmək lazımdır. Araşdırmağa başladım. Qismətdən gördüm ki, finlandiyalı Lasse Lempainen deyə həkim var, vətərlər üzrə cərrahdır. “Çelsi”nin kapitanı Ris Ceyms, Kuad Radonun həkimidir, Devid Bekhemin axil vətərinin əməliyyatında assistent olub. “Ayntraxt”da olarkən Finlandiya millisinin də üzvü olan qapıçı Lukas Hradeçki var idi. İndiyə qədər ünsiyyətimiz qalır. Onunla əlaqə saxladım. Qismətdən həmin həkim Lukasın şəhəri Turkuda idi. Şəxsi nömrəsini istədim və həkimlə şəxsən danışdıq. Vəziyyəti izah etdim ki, əməliyyatdan 4 ay sonra axil vətərim qopub. Onun planı ilə dekabrda Finlandiyanın Turku şəhərinə uçdum və ikinci dəfə əməliyyat olundum.

- ⁠Xərclərinizi “Neftçi” ödədi, yoxsa?..

- ⁠Finlandiyaya gedərkən millinin oyunçusu olduğumdan ödənişin yarısını AFFA, yarısını da “Neftçi” qarşıladı. Hətta federasiyanın nümayəndəsi Əli Davudov da mənimlə birgə getdi.

- ⁠Meydana dönüşünüz ilyarım çəkdi. O məqamda sanki sizə inam da azaldı. Bu sizə necə təsir edirdi?

- Düşünürəm, bu, normal haldır. Futbolda belə şeylər çox olub və olur. Zədəsiz belə stabil qalmaq asan deyil. Ancaq zədə aldıqda stabillik daha da azalır. Performans qat-qat aşağı düşür, həm fiziki, həm də psixoloji düşür. Zədədən sonra ilk oyunum 515 gün sonra baş verdi.

- ⁠Həmin müddətdə “Neftçi”də bir neçə baş məşqçi dəyişdi. Belə vaxtlarda sizə qarşı münasibət necə oldu?

- Baş məşqçilər futbolun içində olan adamlardır, bilirlər ki, zədə necə olur. Mən heç bir futbolçuya elə zədə arzulamıram. Xırda mikrozədələr keçilməz deyil. Ancaq mənim nələrdən keçdiyimi sözlə ifadə edə bilmərəm. Elə olub, uzun müddət ağrılardan əziyyət çəkmişəm.

Hər insanın həyatında çətinliklər olur. Şükür, bunları arxada qoymuşam. Fikirləşirəm ki, baş məşqçilər yaşadıqlarımı normal qarşılayıb. Münasibət olaraq da hər bir baş məşqçi - Adrian Mutunun, Miodraq Bojoviçin də vaxtında komandanın yanına gəlirdim, amma komanda ilə məşq edə bilmirdim. Yalnız fərdi məşqlər edirdim. Baş məşqçilər məni görəndə həmişə çox hörmətlə qarşılayırdılar.

- ⁠Hər kəsin fərqli həyat hekayəsi olur. Sizin əsas bəxtsizliyiniz zədələrlə bağlıdır.

- Hər nə olursa, Allahın izni ilə olur. Mənim də qismətimə bu yazılıb. Həmişə başıma nə gəlibsə, çalışmışam şükür edim. Çünki biri var, heyfslənib daha çox peşmançılıq çəkəsən, bu, psixoloji cəhətdən insanı geri salır. Lakin mən həmişə optimist fikirləşmişəm. Düşünmüşəm, daha da pisi ola bilərdi.

- ⁠Millidə də çox baş məşqçilərlə işləmisiniz. Hansı sizin karyeranızda böyük rol oynayıb?

- ⁠Debütüm Nikola Yurçeviçin vaxtında olub. Onda qapıçılar üzrə məşqçi Dmitri Kramarenko idi. Açığı, bütün məşqçilər mənim yadımda yaxşı qalıb. Hamısı çalışırdı milli ab-havanı qorusun. Amma Qurban Qurbanovun millidə baş məşqçi olduğu vaxtlar milli ruhu daha çox hiss etmişəm. Onun baş məşqçi olduğu vaxt bizim yalnız bir məğlubiyyətimiz oldu.

- ⁠Zədəyə görə millidən də uzaq düşdünüz. Bu sizə necə təsir etdi?

- ⁠Bəli, zədədən öncə mütəmadi olaraq milliyə çağırılırdım. Zədədən sonra bu, gözlənilən idi. Çünki milliyə çağırılan oyunçu canını, hər şeyini bayraq üçün qoymalıdır. Buna baxmayaraq millidə həm məşqçilərlə, həm futbolçularla həmişə yaxşı ünsiyyətimiz olub.

- ⁠Son dövrlərdə ehtiyat skamyada oturanların çoxu milliyə dəvət olundu, Emil Balayev yox. Sizcə, bu sizə haqsızlıq deyil?

- ⁠Mən kimisə mühakimə və ya hansısa qərarı təhlil etməzdim. Bu, hər bir məşqçinin seçimidir və ona hörmətlə yanaşmaq lazımdır. Futbolçu çalışıb həmişə maksimumu ortaya qoymalıdır. Mən düşünürəm, futbolçu çalışacaqsa, gec və ya tez haqq etdiyini əldə edəcək.

- Zədəli olduğunuz zamanlarda karyeranızı bitirməklə bağlı düşüncələr ağlınıza gəlib?

- Açığı, karyeranı bitirmək barədə düşünməmişəm. Sağlamlığım nə qədər mənə imkan verəcəksə, maksimum dərəcədə yaşıl meydanlarda olmaq istəyirəm. Karyeramı “Neftçi”də bitirmək istəyirəm. Vida matçımın da “Neftçi”də olmasını istərəm.

- İkinci dəfə qayıtdıqdan sonra “Neftçi” çox dəyişmişdi. Siz necə müqayisə edərdiniz - ilk və ikinci dəfəki “Neftçi”də nə fərqlər vardı?

- ⁠”Neftçi” həmişə zirvələrdə olmağa çalışan komandadır. Hədəfi həmişə yüksək olub. Adı da digər rəqiblər üçün motivasiya olub, bu, danılmaz faktdır. Düzdür, uzun müddət uğursuzluqlar yaşandı. Buna baxmayaraq, bu komandaya gəlmiş hər bir xarici və ya yerli futbolçu bir məqsəd üçün çalışıb. Son vaxtlar əvvəlki dövrlə müqayisədə qələbələr daha davamlı gəlir. Əsas odur ki, bunu daha uzun seriyaya çevirərək “Neftçi”ni layiqincə təmsil edək. Hamımızın əsas məqsədi bu olsa, gec-tez hədəfə çatacağıq.

- ⁠⁠⁠Karyeranızı bu dönəminə qədər hansı ulduz futbolçulara qarşı oyunlarınız olub?

- ⁠Portuqaliya millisinə qarşı oyunda ehtiyatda idim. Ancaq Xorvatiyaya qarşı oyunda Rakitiç, Brozoviç oynayırdıı, Modriç penaltidən qapıma qol vurdu. Hamısı əsas heyət oyunçuları idi, debütüm vaxtı idi, bu yadımda qalıb.

- Bəs kiminləsə forma dəyişdirmisiniz?

- ⁠Düzü, elə bir xüsusiyyətim yoxdur. Sadəcə qapıçı kimi Yan Oblaka simpatiyam olduğundan Sloveniya millisinə qarşı yoldaşlıq görüşündə formamı dəyişmişdim. Oynamadığım halda Kevin Trapp ilə dəyişmişəm, çünki “Ayntraxt”da komanda yoldaşı olmuşuq, tanışlığımız vardı. Ona görə DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı oyunumuzda hər ikimiz ehtiyatda otursaq da, birinci hissədən sonra fasilədə danışdıq ki, oyundan sonra formalarımızı dəyişdirək.

Bir dəfə də Xorvatiyaya qarşı oyunumuz vardı, amma oynamırdım. Dostum Elşən Abdullayevin Kovaça simpatiyası olduğundan məndən xahiş etmişdi, dedim problem yoxdur. Ona qapıçı formamı verdim, o da mənə “8 nömrə”ni verdi. Dəyişdik.

- ⁠Futbolçu olmasaydınız, hansı peşəni seçərdiz?

- Cüdoya çox böyük həvəsim var. Futbolçu olmasaydım cüdo ilə məşğul olaq istəyərdim. Qismət olsa, bəlkə gələcəkdə oğlumu cüdoya yönəldərəm.

- Oğlunuz futbola yönəlsə, sizin kimi qapıçı olmasını istərsiniz?

- Bu, artıq oğlumun həvəsinə və fiziki vəziyyətinə baxır. Boy məsələsi də önəmli rol oynayır. Düzdür, o, hələ balacadır, indidən demək olmaz. Mən yeni başlayanda qapıçı yox, digər mövqelərdə oynamaq istəmişəm. Boyum uzun olduğuna görə məşqçi dedi, qapını yoxla, oranı sevdim və bu mövqedə davam etdim.

- ⁠Bəs qohumlarınızda sizdən həvəslənib bu sahəyə yönələn kimsə var?

- ⁠Uzaq qohumlarda var, uşaqlardır. Məclislərdə məni yanlarında görüb, sonra televizorda görmək onlara maraqlı gəlib.

- ⁠İdmançıların əksəriyyəti qızını idmana qoymaq istəmir. Sizdə belə bir qadağa olar?

- Qızım var, amma o barədə fikirləşməmişəm. Çox güman ki, istəmərəm. Çünki qızıma qarşı daha həssasam. Ona bir şey olanda, yıxılanda və ya harasa dəyəndə oğluma görə çox narahat olmuram, nəinki qızıma görə. Zədələrdən qorunmasını istəyirəm...

- Asudə vaxtınızda nə edirsiniz?

- ⁠Ailəmlə vaxt keçirirəm, harasa gedirəm. Əvvəllər kitab oxuyurdum. Artıq boş vaxtım olan kimi uşaqlarımla, ailəmlə hansısa istirahət mərkəzinə gedirik.

- ⁠Müsahibələrinizin birində demişdiniz, İngiltərə Premyer Liqasında oynamaq istəyirəm. Buna görə bir təəssüfünüz olub?

- ⁠Orada oynamaq üçün müəyyən reqlament var. Həmin ölkənin milli komandası FIFA cədvəlində səhv etmirəmsə 70-ci yerə qədər olmalıdır, futbolçu millidə bir neçə oyun oynamalıdır. Belə nüanslar var. Təbii ki, elə bir şans düşsəydi, onu çox istərdim istifadə edim. Belə şans olmayıb. İngiltərə Premyer Liqası dünyada ən baxılan liqadır və oranın özünəməxsus ab-havası var. Biz bunu televiziyadan hiss ediriksə, realda görmək necədir, bunu yaşamaq istəyərdim.

- ⁠Premyer Liqada azarkeşlik etdiyiniz komanda var?

- ⁠Sırf azarkeşlik etdiyim komanda yoxdur. Amma simpatiyam olanlar İngiltərədən “Çelsi”, Almaniyadan “Bavariya”dır, yaxud İspaniyada “Real Madrid”dir, İtaliyadan “Milan”dır. Məsələn, Çempionlar Liqasında “Bavariya”nın udmasını istərdim, ancaq mərhələni keçə bilmədiklərinə görə mən depressiyaya düşmədim. “Çelsi”nin də Bakıda “Qarabağ”la oyunu oldu, ora getmədim. Azarkeşlər var ki, “Real Madrid” və ya “İnter”in qatı fanatı olub döyməsini bədəninə vurdurur, yaxud həmin ölkəyə uçurlar. O dərəcədə azarkeşliyim yoxdur.

- ⁠Legioner limiti aradan götürüldükdən sonra Azərbaycan futbolu nə itirdi?

- ⁠Açığı, mövzunu şərh edə bilməyəcəm. O barədə çox düşünməmişəm. Oturub analiz etmək lazımdır. Hər futbolçu öz məşqinə, klubuna daha çox vaxt ayırmalıdır. Bunu futbolsuz qaldığım ilyarım müddətdə dəyərləndirdim. Hər məşqi sonuncu kimi etmək lazımdır. Gec-tez hər kəsə şans düşür. Əsas odur, o şansa hazır olasan.

- ⁠Milliyə dəvət gözləyirsiniz?

- ⁠O barədə məşqçilər heyəti qərar verir. Amma ən azından 32 yaşım var. Müəyyən təcrübə yığmışam. Millidə 15 oyun keçirmişəm. Çağırılsam, bacardığımı milli üçün etməyə hazıram.

- ⁠Karyeranızın matçı hansı olub?

- ⁠Millidə debüt matçım Xorvatiyaya qarşı oyunu deyərdim. İlk matçım olsa da heç bir həyəcan hissim yox idi. Bu oyun həm vitse-çempionlara qarşı idi, həm də doğma meydanda ilk xalımızı qazandıq. Klubda bir neçə oyun olub. Bunlardan biri 5 ildən sonra “Qarabağ”ı məğlub etdiyimiz oyun olar. Azarkeşlərimizə qələbə qazandırdıq. Təsadüfən “Neftçi” “Qarabağ”ı 2021-ci ildə məğlub edəndə Ağdam klubunun qapısını qoruyurdum. Əhməd Əhmədov mənim qapıma qol vurmuşdu. İndi qismətdən elə alındı ki, yenə də meydanda idim, şükür ki, “Qarabağ”ı udduq.

- ⁠Bura qədər hansı hədəflərə çatdınız, hansılara yox?

- ⁠Milli komandada oyunlar keçirmişəm, hər futbolçu bunu arzulayır. İlin futbolçusu da seçilmişəm. Həm klub, həm milli səviyyəsində ölkəmizi beynəlxalq yarışlarda təmsil etmişəm. Bir dəfə “Neftçi”nin heyətində, iki dəfə də “Qarabağ”da avrokuboklarda meydana çıxmışam. Açığı, Bundesliqada rəsmi oyuna çıxmaq maraqlı olardı. İngiltərə Premyer Liqasını demirəm, çünki ora getməmişəm. Lakin Bundesliqada komandada idim, orada da 3 dəfə zədələndim. Qismət deyilmiş. O ab-havanı meydanda ilk “11-lik”də hiss etmək istərdim.

- ⁠Sizin üçün ən unudulmaz dövr hansı idi?

- 2019, 2020 və 2021-ci illəri demək olar. Pandemiya, həm də müharibə vaxtı olduğundan çətin idi. “Tobol”da erməni məşqçiyə görə müqaviləmə xitam verib 5 ay sonra “Qarabağ”la müqavilə imzaladım. Sonra müharibə başladı. O çətinliklər fonunda ölkəmizi beynəlxalq arenada təmsil etmək çox ürəkaçan idi. Çünki müharibə Qarabağla bağlı idi və o adı təmsil etmək xoş təəssürat yaratmışdı.

- Azarkeşlərə nə demək istəyərdiniz?

- ⁠Həmişə demişəm ki, baxmayaraq uzun müddət uğursuzluqlar olub, amma “Neftçi” azarkeşləri hər yerdə bizə dəstək olub. Heç vaxt bizdən dəstəklərini əsirgəməsinlər.

- ⁠Bəs sizdən sonra gələn nəslə nə məsləhət görərdiniz?

- ⁠Deyərdim, hər məşqə çıxanda mümkün qədər zövq alsınlar. Əllərindən gələni etsinlər. Tək-tük hallarda məndə də belə hiss olub ki, bəlkə bu gün məşq etməyim? O hissi kökündən aradan qaldırmalarını istəyərəm. Həmişə hazır olmağa çalışsınlar. Bunun yolu da məşqlərdən keçir. Ən önəmlisi hər bir insanın özünü kökləməyi bacarmasıdır. Mən belə düşünürəm.