BAKI, 13 may. TELEQRAF

Media nümayəndələri Bakı Olimpiya Stadionunda yaradılan WUF zonası ilə tanış olublar.

Teleqraf xəbər verir ki, tədbirdə media rəhbərləri, jurnalistlər və blogerlər iştirak ediblər.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov forumun keçiriləcəyi məkanlar və yaradılan zonalar barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarət dili xidməti nəzərdə tutulub.