BAKI, 29 dekabr. TELEQRAF
Gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin yekunlarına dair ölkənin əsas informasiya agentlikləri və televiziya kanallarına müsahibə verib.
Teleqraf-ın da təmsil olunduğu həmin müsahibəni təqdim edirik:
- Başa çatan ili Azərbaycan idmanı üçün necə dəyərləndirmək olar?
- Düşünürəm ki, bu il Azərbaycan idmanı və idmançıları üçün çox uğurlu oldu. Medal sayında rekord qeydə alındı. Bu il ilk dəfə deflimpiyadan medal əldə etdik. Azərbaycanda bir sıra beynəlxalq yarışlar keçirildi. Biz burada xeyli ilk dəfə kəlməsini istifadə edə bilərik. Çünki paytaxt Bakıda ilk dəfə olaraq MMA idmanı növündən populyar UFC təşkilatının yarışları keçirildi. Düşünürəm ki, bu, həm yerli azarkeşlərə maraqlı oldu, həm də qonşu dövlətlərdən bir sıra turistlər ölkəmizə gəldi. Məncə, ən böyük yarış isə III MDB Oyunları idi. Bu Oyunların özəlliyi paytaxtda deyil, Azərbaycanın 7 şəhərində keçirilməsi idi. Bu Oyunların paytaxtı isə Gəncə şəhəri oldu. Təsadüfi deyil ki, məhz Gəncə şəhəri MDB ölkələrinin idman paytaxtı da seçilmişdi. Oyunların həm açılış, həm də bağlanış mərasimi də Gəncədə təşkil olundu. Gəncədən başqa Xankəndi, Göygöl, Yevlax, Qəbələ, Mingəçevir və Şəkidə də yarışlar baş tutdu.
- Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” seçilib. Bununla bağlı paytaxtımızda hansı yarışların keçirilməsi nəzərdə tutulub?
- Bu, təbii ki, bizim hamımız üçün yaxşı bir xəbərdir. Bu ad da birdən-birə verilməyib. Azərbaycan illərdir müxtəlif yarışların təşkilatçılığında özünü sübut edib. Multi-idman yarışlarından danışsaq, elə ilk Avropa Oyunları da məhz Azərbaycanda keçirilib. Bu il bunun 10 illiyini də qeyd etdik. Daha sonra IV İslam Həmrəylik Oyunları, Yeniyetmələrin Yay Olimpiya Festivalı da ölkəmizdə baş tutub. Müxtəlif idman növlərinin dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi artıq adi hala çevrilib. Bu illəri həm də xüsusilə UFC yarışlarını qeyd etmək istəyərdim. Formula 1 üzrə Azərbaycan Qran-Prisi artıq neçənci ildir keçirilir. Biz bir neçə il öncə ilə müqayisə etsək, yarış bitdikdən artıq səhəri gün bütün yollar açılır. Bunu şəhər sakinləri də hiss edirlər. Yəni, burada da bir irələyişimiz var. Təkcə 15 min azarkeş Formula 1 yarışları üçün xaricdən paytaxtımıza gəlmişdilər. Bu da bizim üçün rekord nəticədir. Son illər ərzində biz azarkeşlər üçün yeni tribunaları quraşdırırıq. Hər il daha çox bilet satırıq. Bu, yaxşı haldır, çünki biletlər artıq öncədən əldə olunur. Bir neçə ay qalmış artıq biletlər tükənir. Bu da yarışların populyar olduğunu göstərir. Buna görə də bütün beynəlxalq qurumlar artıq Azərbaycanı yaxşı bir tərəfdaş kimi tanıyırlar. Azərbaycan haradasa hansısa yarışlar üçün öz namizədliyini irəli sürəndə digər ölkələr bizə güclü rəqib kimi baxır. Bu da təbii ki, illərlə görülən işlərin nəticəsidir. Növbəti ildə Bakıda böyük bir idman bayramınını qeyd edəcəyik. Paytaxtda müxtəlif yarışlar keçiriləcək. Dünyanın ən böyük idman forumu olan “SportAccord” Dünya İdman və Biznes Sammiti ilk dəfə olaraq Bakıda keçiriləcək. Bu, may ayında olacaq. Daha sonra cüdo üzrə dünya çempionatı, sumo üzrə dünya çempionatı və fərqli idman növlərində bir neçə Avropa çempionatları və digər yarışlar da keçiriləcək. İlk dəfə olaraq triatlon üzrə məşhur "Ironman" yarışları da baş tutacaq. Belə çox sadalaya bilərəm. Təbii ki, bu yarışları federasiyalar Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edir.

- Bəs gələn il digər şəhərlərdə hansı yarışların təşkili planlaşdırılır?
- Növbəti ildə də Bakı - Xankəndi ultra marafonu keçiriləcək. Amma bu səfər fərqli formatda olacaq. Orada da bilirsiniz ki, hər il iştirakçıların sayı artır. Yaxşı hal odur ki, finişə çatanların da sayı artır. Bu il biz Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatını da keçirdik. Bilirsiniz ki, müxtəlif federasiyalar çalışırlar ki, hansısa beynəlxalq yarışı Azərbaycanın digər şəhərlərində də keçirsinlər. Bu, növbəti ildə də davam edəcək. Növbəti il yenidən veloyürüşümüz olacaq. Bu, böyük bir yarış olacaq. Bunun bir mərhələsi işğaldan azad olunmuş torpaqlarda - Qarabağda olacaq. Bunu dünyanın məşhur televiziya kanalları da canlı yayımlayacaq.
- Gənclər və İdman Nazirliyinin gələcək illər üçün hədəfləri nədir?
- Biz bir ildən artıq müddətdə idman strategiyamız üzərində işlədik. Artıq bunu bitirmişik. Bizim hədəflərimiz var, strategiyaya uyğun çalışırıq. Təbii ki, ölkə başçının tapşıqlarına əsasən. Gənclər və idman nazirliyinin əsas məqsədlərindən biri əhali arasında idmanı həyat tərzinə çevirməkdir. Bu gün parklarda, küçələrdə, ümumiyyətlə, əhali arasında idmanla məşğul olanların sayında artımı rahat görmək mümkündür. Bu, bizi sevindirir. Nəticələrə gəldikdə, bizim ənənəvi və yeni idman növlərimiz var. Düşünürəm ki, ildən-ilə nəticələrimiz artır. Yəni, daha yaxşı nəticələr əldə edirik. Düzdür, hər şey ideal deyil və hər şey ideal ola bilməz. Amma, məqsədlərimizə doğru gedirik. Düşünürəm ki, bu, pis alınmır. Amma, bu, təkcə bizim işimiz deyil. Bunu tək edə bilmərik. Federasiyalar və nazirliklərlə birgə işləməliyik. Həm nazirliklərdə, həm digər qurumlarda idmana müəyyən dəstək var.
- Ölkənin müxtəlif şəhərlərində və rayonlarında idmanın təbliği üçün hansı işlər aparılır?
- Bizim "Sağlam həyat" layihəmiz var. Bu səyyar maşın il ərzində hər bir rayona gedir. Bu, bir təbliğatdır. Həmçinin "Sağlam məhəllə" layihəmizi də qeyd edərdim. Bunu Bakıda və müxtəlif rayonlarda etmişik. Ölkə başçısının bunun üçün bizə xüsusi dəstəyi var. Hətta bizə bunu reallaşdırmaq üçün ayrıca vəsait də ayrılıb.

- Olimpiya İdman Komplekslərində təmir işlərinin aparılması nəzərdə tutulub?
- Bu komplekslər demək olar ki, bütün şəhər və rayonlarımızda var. Bildiyimiz kimi bunların tikintisinə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən 25 il öncə başlanılıb. Bu il keçirilən III MDB Oyunları bizim üçün əla fürsət oldu ki bəzilərini əsaslı təmir edək. İndi yenə də bəziləri qalıb, növbəti illərdə də mərhələli şəkildə onları da təmir edəcəyik. Bütün Olimpiya İdman Komplekslərində hovuzlarımız işləyir. Qış aylarında əhali az gəlir, bu, bizim üçün ürəkaçan deyil, bunu təbliğ etməyə çalışırıq. Bizim Azərbaycan Üzgüçülük Federasiyası ilə birgə iki layihəmiz var. Birincisi bu yaxınlarda baş tutdu. Eyni gündə Azərbaycanın bütün hovuzlarında yarış keçirilir. Bu, peşəkarlar üçün deyil, daha çox bu idmanı sevənlər üçün idi. Hər il çoxlu sayda iştirakçı arasında yarım saat ərzində yarış reallaşır. Ən yaxşı nəticə göstərənlər isə növbəti ayda final mərhələsində mübarizə aparır. Son illər bu layihəyə qardaş Türkiyə də qoşulub. Oradan da final mərhələsi üçün gələnlər olur. Üzgüçülükdə digər layihəmiz isə budur ki, rayonlarda dörd həftəlik proqram baş tutur. Bu müddət ərzində uşaqlar düzgün üzməyi öyrənirlər. Məqsədimiz bir neçə ildən sonra Azərbaycanda məktəblilərin üzə bildiyini deməkdir. Təəssüf ki, hazırda bunun faizi azdır. Amma bunu ilkin olaraq ən azı 20%-ə çatdırmaq istəyirik. Bu proqramı keçirmək üçün bizə şərait yaradan Elm və Təhsil Nazirliyinə də təşəkkür edirəm.
- Gəncə Şəhər Stadionunun ot örtüyü nə vaxta hazır olacaq?
- Konkret vaxt demək çətindir. Düşünürəm ki, aprel-may aylarında hazır vəziyyətə gələcək. Bu bizdən asılı deyil. Hazırda toxumu səpmək üçün əlverişli hava şəraiti yoxdur. Amma stadionun özü çox müasirdir. Futbol oynamaq və izləmək üçün yaxşı şəraiti var. Hətta deyərdim ki, Azərbaycanın ən yaxşı futbol stadionudur. "Kəpəz"in aprel-may aylarında oyunlarını orada oynaya bilməsi üçün əlimizdən gələni edirik.
- Qeyd etdiyiniz kimi, Azərbaycan idmançıları bu il rekord sayda medal qazandılar. Sizin üçün medalın əyarı önəmlidir, yoxsa sayı?
- Bizim bu il bir çox idman növündə ilk medallarımız oldu. Həmçinin deflimpiyada da ilk dəfə medal qazandıq. Məsələn, deyək üzgüçülük. MDB Oyunlarında bu idman növündə bizim medalımız olmamışdı. Və birdən-birə Gəncədə çoxlu sayda medal qazandıq. Bunlardan da ikisinin əyarı qızıl idi. Bizim üçün ilk öncə vacib olan odur ki, idman kütləvi olsun. Mən sizə buz meydançasından misal gətirim: artıq üçüncü ildir, buz meydançası fəaliyyət göstərir. Siz həftəsonları oraya getsəniz, növbədə dayanmalı olacaqsınız. Gənclərimizin asudə vaxtlarını idmanda keçirmələri bizim üçün vacib idi. Bu, sağlamlıq üçün çox önəmlidir. Şənbə-bazar günləri insanların oraya axını kütləvilikdir. Eyni zamanda da, bunun peşəkar tərəfini götürsək, artıq bizim orada idman bölmələrimiz var. Fiqurlu konkisürmə və hokkey bölməmiz fəaliyyət göstərir. Hokkeydə artıq 50-dən artıq uşaq var. Onların hamısı gəncdilər. Yarışlara getməyə və nəticə qazanmağa başlayıblar. Amma buna yalnız üç ildir başlamışıq. Biz bir az da gözləməliyik ki, hokkeydə də komandamızın olduğunu deyə bilək. Çətin olsa da, mümkündür. Mən bu misalı dəfələrlə batut gimnastikasından gətirmişəm. Bu idman növü təxminən 2014-cü ildən inkişaf etdirilməyə başlanıldı. Çünki artıq Olimpiya Oyunlarının təqviminə salınmışdır. Və o zaman mən Azərbaycan Gimnastika Federasiyasında çalışırdım. Biz məşqçiləri də idmançıları da xaricdən dəvət etməyə məcbur olduq. Dəvət olunmuş idmançılar ölkəmizi Avropa Oyunlarında təmsil etdilər və bir medal da qazandılar. Sonraki illərdə bu idmançılardan heç biri Olimpiya Oyunlarına vəsiqə qazana bilmədilər. İki dəfə cəhd etdilər, amma alınmadı. Üstündən 10 il keçib və artıq bizim öz yetirməmiz olan idmançımız Olimpiadaya vəsiqə qazandı. 10 il ərzində bu, demək olar ki, mümkün olmayan bir şeydir. Bir idmançını yetişdirmək üçün çox az müddətdir. Özü də batut gimnastikasında cəmi 16 lisenziya var. Dünyada bu idman növündə ənənələri olan ölkələr var. Onlar daimi olaraq medallar uğrunda mübarizə aparırlar. Məsələn, oğlanlar arasında son 3 Olimpiya çempionu Belarusdandır. Yəni bu o deməkdir ki, orada belə bir ənənə var. 16-lıqda bəzi ölkələrdən hətta iki idmançı çıxış edir. Bunların hamısını nəzərə alsaq, bunun çətin məsələ olduğunu başa düşərik. Bu, düşünürəm ki, çox rekord bir sürətlə alındı. İstəyimiz gələcəkdə qış idman növlərində də nəticə əldə etməkdir. Bunun üçün çalışmalıyıq. Demirəm ki, 10 ilə yenə alınacaq, amma ən azından artıq buzumuz var. Bu arena 3 ildir fəaliyyət göstərir. Xaricdən məşqçilər dəvət etmişik, onlar da uşaqları yavaş-yavaş yetişdirirlər. Yəni proses gedir.

- Bu il gimnastımız Tofiq Əliyev populyarlaşdı. Onun çıxışı barədə nə deyə bilərsiniz?
- Bəli, Tofiq son illərdə çox populyardır. O, bu il yeni bir hərəkət icra etdi. Hansı ki, bu dünyada ilk idi. Amma ötən ildə də onun çoxlu dəvətlər olub. Bu idman növü Skandinaviya ölkələrində çox məşhurdur. Onun çıxışı ilə bərabər sosial şəbəkədəki aktivliyi də bizi sevindirir. Biz istəyərdik ki, digər nümunəvi idmançılarımız da sosial şəbəkələrdə aktiv olsunlar. Çünki bu da təbliğatın bir növüdür.
- Federasiyalara xaricdən idmançı dəvət olunmasının azaldılması ilə bağlı tapşırığınız olub?
- Bu mövzu ilə bağlı çox danışmışıq və danışacağıq da. Qonşu ölkələrə baxsaq, onların da son olimpiya nəticələrini əldə edənlər arasında legionerlər var. Bu tək Azərbaycanda deyil. Təbii ki, biz istəyirik ki, daha çox özümüz yetişdirək, öz idmançılarımız olsun. Bəzi idman növlərində artıq deyə bilərik ki, legionerlərin sayı azalıb. Biz o idman növlərindən danışırıq ki, harada ki biz medal uğrunda və yaxud da olimpiya oyunlarında iştirak etmək istəyirik. Mən sizə batutdan misal gətirdim. Öncədən dəvət eləmişdik, amma hal-hazırda dəvət olunmuş idmançımız yoxdur. Amma nəticəmiz var, yerli idmançılar nəticə verirlər. Bəzi idman növləri var ki, illərlə dəvət olmuş idmançılar orada çıxış edirlər və bu, məni narahat edir. Yəni, təbii ki, biz istəməzdik ki, bu belə olsun. Federasiyalar bizdə ağır çəkidə idmançının olmamasını bildirirlər. Gəlin açıq danışaq ki, bizdə həqiqətən də bu problem var. Bəzi idman növlərində komanda yarışları olduğu üçün bu çox vacibdir. Yeni idman növlərində belə olanda başa düşürəm. Məsələn, qış idman növündə artıq beynəlxalq yarışlar keçirdirik. Bu il gənclər üçün Qran-Pri yarışı keçirildi. Gələn ildə də Şahdağda Avropa çempionatı və dünya kubukunun final mərhələsi olacaq. Artıq bizim öz idmançılarımız orada yetişir. Amma hazırda biz qış olimpiya oyunlarının idman növlərinə baxsaq, indiyənə qədər bizi orada, yəni Azərbaycanda yetişmiş idmançı təmsil etməyib. Bu mümkün deyildi, çünki şəraitimiz yox idi. Son illər ərzində bu şərait də yaradılıb. Sadəcə bir az vaxt lazımdır.
- Los-Anceles 2028 Yay Olimpiya Oyunları ilə bağlı hansı gözləntiləriniz var?
- Planlarımız var. Hər bir federasiyanın öz məqsədi var. Biz Olimpiya Oyunları bitdikdən sonra artıq növbətisinə hazırlaşırıq. Və bu normaldır, bu belə olmalıdır. Federasiyalarımızdan artıq onların Olimpiadada hansı sayda idmançıların iştirak edə biləcəyi haqqında məlumatı almışıq. Hazırda bunun üzərində işləyirik. Növbəti iclaslarımızda yenə bunu müzakirə edəcəyik. Yəni plan üzrə çalışırıq. Plan hər zaman 100% olmur. Maksimal və real hədəf olur. Yeni ulduzların olmasını istəyərdik. İnşallah, olacaq da. Məsələn, bu ayda boks üzrə bizim dünya çempionumuz oldu (Sübhan Mamedov - red.). Onun cəmi 19 yaşı var. Son dəfə Azərbaycan boks məktəbinin yetirməsi 10 il bundan qabaq dünya çempionu olmuşdu. Yəni, mən çox istəyirəm və inanıram ki, bu idmançımız Olimpiya Oyunlarına da vəsiqə qazanacaq və orada da uğurlu çıxış edəcək. Təkcə o deyil, digər idmançılarımız da.
- Zaman-zaman hər hansı idmançının federasiyalarla problemi olur. Gənclər və İdman Nazirliyinin bu məsələdə missiyası necədir?
- Bizim burada bir sıra missiyamız var. Kiminsə nazirliyə sözü varsa, bizim qapılarımız hər zaman açıqdır. Bizim hər həftə qəbul günlərimiz olur. Şikayəti olan qəbula yazılaraq gələ bilər. Şəxsən mənim özüm qəbul edirəm. Amma bu məsələlər individual olur. Qəbullara son zamanlar valideynlər çox gəlirlər. Biz hər iki tərəfi araşdıraraq sonda dəstək oluruq.

- Bəzən deyilir ki, məşqçilər uşaqlar arasında fərq qoyur. İddia olunur ki, kimin valideyni məşqçiyə daha yaxındırsa, həmin uşağa daha çox diqqət ayrılır. Bu məsələyə görə valideynlər arasında problemlər də yaşanır. Bununla bağlı nə deyə bilərsiniz?
- Təəssüf ki, belə hallar olur, valideynlər məşqçinin işinə müdaxilə edir.
- Gənclər və idman naziri olaraq Azərbaycan idmanının gələcəyini necə qiymətləndirirsiniz?
- Yenə də mən deyə bilərəm ki, həm federasiyalar, həm klublar, müəyyən işlər görürlər. Təbii ki, biz və Milli Olimpiya Komitəsi dəstək oluruq. Nəticə gözlədiyimiz idmançıları yetişdirmək lazımdır. Bu mərhələli şəkildə olur. Qeyd etdiyim kimi, artıq Olimpiya Oyunlarında hansı idman növündə hansı idmançı sayında iştirak edəcəyimiz barədə proqnozumuz var. Bunun üzərində çalışırıq. Əsas məqsədimiz həmin idmançıları Olimpiya Oyunlarına gətirməkdir. Burada söhbət hazırlıq prosesindən gedir. Əgər bu oyunlarda iştirak edə biləcək idmançılarımızın olduğunu düşünürüksə, deməli, potensial da var. Bizim Yay Olimpiya Oyunlarındakı istəyimiz odur ki, ən azından sonuncu nəticəmiz olan 30-cu yeri qoruyub saxlayaq. Təbii ki, daha üstün yer qazanmaq da istəyirik. Amma digər ölkələr də çalışırlar. Qonşu dövlətlərlə bizi müqayisə etsək, Paris Olimpiadasındakı nəticəmizin kifayət qədər yaxşı olduğunu düşünürəm. İki qızıl medalımız bizi ümumi sıralamada 30-cu olmağımızda önəmli oldu. Bu nəticə bizim üçün rekord idi. İndiyənə qədər heç vaxt 30-cu olmamışdıq. Buradan göründüyü kimi, Olimpiya Oyunlarının medal sıralamasında qızıl medallar çox vacibdir.
- Süni intellektdən istifadə edirsiniz?
- Nazirlik əməkdaşları edir, amma mən hələ ki, etmirəm. Bizim gənclər sahəsində layihələrimiz çoxdur. Həm də artıq ikinci ildir qrantlar elan edirik. Bu yaxşı şansdır ki, gənclər təşkilatları inkişaf etsin. Onların arasında süni intellektə yönəlmiş olanlar da var. Həmçinin xarici şirkətlə əməkdaşlıq etməyə başlamışıq. Onlar bizə süni intellekt vasitəsi ilə dataları hazırlayırlar. Bu barədə uzun danışmaq olar. Amma onu deyə bilərəm ki, buna başlamalı idik və biz də bunu etmişik.