BAKI, 3 iyun. TELEQRAF
ABŞ və bir neçə Avropa ölkəsi arasında Nüvə Paylaşımı proqramının genişləndirilməsi ilə bağlı NATO səviyyəsində danışıqlar aparılır.
Teleqraf xəbər verir ki, bunu Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib.
"Şübhəsiz ki, NATO səviyyəsində danışıqlar aparılır. İyunun 18-də Brüsseldəki NATO qərargahında müdafiə nazirlərinin görüşü keçiriləcək və gündəmdəki mövzulardan biri nüvə silahlarından çəkindirmə olacaq", - deyə nazir "TVP Info"ya bildirib.
Daha əvvəl Britaniyanın "Financial Times" (FT) qəzeti mənbələrə istinadən ABŞ-nin NATO vasitəsilə müttəfiqlərini Amerika təhlükəsizlik zəmanətlərinin etibarlılığına əmin etmək üçün Avropa ölkələrində əlavə nüvə silahlarının yerləşdirilməsi imkanlarını araşdırdığını yazıb.
FT-nin məlumatına görə, Vaşinqton Avropada həm ənənəvi, həm də nüvə silahları daşıya bilən əlavə bombardmançı təyyarələr yerləşdirməyə hazırdır. Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, alyansın şərq cinahının nümayəndələri təşəbbüsə qoşulmaqda maraqlı olduqlarını bildiriblər.
NATO-nun Nüvə Paylaşımı proqramına ABŞ-nin nüvə silahı ilə təchiz olunmuş bombardmançı təyyarələrini öz ərazilərinə yerləşdirə bilən Belçika, Almaniya, İtaliya, Hollandiya, Türkiyə və Birləşmiş Krallıq daxildir.