BAKI, 3 iyun. TELEQRAF

Almaniyanın Dortmund şəhərində silahlı şəxs iki azyaşlı uşağı girov götürüb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, 51 yaşlı Serbiya vətəndaşı Dortmundun Höxsten rayonunda yerləşən mənzildə barrikada quraraq iki uşağı girov saxlayır. Hadisədən əvvəl o, polis əməkdaşlarından birini yaralayıb.

Bild yazır ki, şübhəli şəxs bundan əvvəl restoranda dəyənəklə dağıntılar törədib, yoldan keçənləri hədələyib və bibər qazı spreyi istifadə edib. Daha sonra avtomobillə hadisə yerindən uzaqlaşıb.

Polis qadının müraciəti əsasında Vitbroyker-ştrasse küçəsində yerləşən yaşayış binasına gəldikdə, həmin şəxs binadan çıxaraq əməliyyat əməkdaşlarından birinə atəş açıb. Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, güllə polis əməkdaşının qoruyucu jiletinə dəyib və nəticədə o, yüngül xəsarət alıb.

Bundan sonra silahlı şəxs yenidən binaya daxil olub. Bild-in məlumatına əsasən, o, hazırda iki uşağı girov saxlayır.

Hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub. Höxsten rayonuna xüsusi təyinatlıların danışıqlar qrupu da göndərilib. Onların əsas məqsədi şübhəlini təslim olmağa və uşaqları azad etməyə razı salmaqdır.