BAKI, 3 iyun. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın məhdudiyyət tətbiq etdiyi erməni kənd təsərrüfatı məhsulları üçün yeni ixrac bazarları tapıldığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Paşinyan seçicilərlə görüşü zamanı danışıb. Məlumatı "Sputnik Ermənistan" yayıb.

Baş nazirin sözlərinə görə, biznes nümayəndə heyətləri artıq yeni istiqamətlər üzrə fəaliyyətə başlayıb və ilk gül, eləcə də tərəvəz partiyası xarici bazarlara göndərilib.

"Biznes nümayəndə heyətləri işləyir. İlk gül və tərəvəz partiyası göndərilib. Yük təyinat nöqtəsinə çatdıqdan sonra hansı ölkələrə göndərildiyini açıqlayacağam. Heç bir məhsul satılmadan qalmayacaq", - deyə Paşinyan bildirib.

O qeyd edib ki, söhbət əsasən Avropa İttifaqı ölkələrinin və bir sıra digər dövlətlərin bazarlarından gedir.

Paşinyan daha əvvəl Rusiyaya ixrac edilə bilməyən məhsullara görə fermerlərə kompensasiya veriləcəyini vəd etmişdi.

Qeyd edək ki, BMT-nin Comtrade platformasının məlumatlarına istinadən yayılan xəbərlərdə Ermənistanın Rusiyasız çiyələk ixracının demək olar ki, tamamilə itiriləcəyi bildirilmişdi.