BAKI, 3 iyun. TELEQRAF

ABŞ hərbçiləri İrana doğru hərəkət edən neft tankerinə zərbə endirdiklərini açıqlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumata görə, ABŞ qüvvələri beynəlxalq sularda Botsvana bayrağı altında üzən və İranın Xark adası istiqamətində hərəkət edən "Lexie" adlı neft tankerinə qarşı tədbir görüb.

Komandanlığın bəyanatında bildirilir ki, yük daşımayan tanker heyəti 24 saat ərzində ABŞ hərbçilərinin çoxsaylı xəbərdarlıqlarına və göstərişlərinə əməl etməyib. Bundan sonra ABŞ-a məxsus uçuş aparatı gəminin İrana çatmasının qarşısını almaq məqsədilə onun mühərrik bölməsinə "Hellfire" raketi ilə zərbə endirib və tankeri sıradan çıxarıb.

ABŞ Mərkəzi Komandanlığının iddiasına görə, aprelin 13-dən etibarən İran ətrafında tətbiq edilən dəniz blokadası çərçivəsində 6 kommersiya gəmisi sıradan çıxarılıb, 122 gəminin isə marşrutu dəyişdirilib.