"125-lər" oyunu baş tutmur
Ötən həftə məlumat vermişdik ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə "Qarabağ” siyasi bloku arasında qızğın müzakirələr gedir. Bildirmişdik ki, müzakirələrin nəticəsi olaraq yeni seçki bloku elan oluna bilər.
Lakin əldə etdiyimiz son məlumatlara görə, tərəflər arasında aparılan danışıqlar uğurlu alınmayıb. Məhz bu səbəbdən partiyalar arasında danışıqlar prosesinin bu həftə də davam etdirilməsinə dair razılıq əldə edilib.
Bunu Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev də təsdiqləyib. Sədr müavini bizimlə söhbəti əsnasında deyib ki, onlarda olan informasiyaya görə, danışıqlar prosesi ötən həftə başa çatmalı imiş. Lakin sonradan qərara gəliblər ki, bu proses davam etdirilsin. O, əlavə edib ki, bu həftə ərzində danışıqlar prosesinin nəticələri bəlli olacaq.
Yeri gəlmişkən, ADP nümayəndəsi seçkilərdə ADP-AMİP müttəfiqliyinin yarana biləcəyini də istisna etməyib.
Əldə etdiyimiz məlumata görə, danışıqlar prosesində razılaşdırılmayan əsas məsələ seçki dairələri üzrə partiyaların hansı sayda namizəd irəli sürməsidir.
Belə ki, Ümid Partiyası özünün alt qurumu olan "125-lər” Siyasi Klubunu da bu məsələdə tərəf kimi görmək istəyir. Heç kimə sirr deyil ki, bu klub Ümidin xeyir-duası və maliyyə dəstəyi ilə yaradılıb.
AMİP isə təcrübəli siyasi təşkilatdır. Bilir ki, razılıq əldə edilsə və seçki bloku yaransa, sabah Ümid Partiyasının istənilən təklifi seçki blokunda keçərli olacaq. Çünki Ümidin irəli sürdüyü bütün təklifləri "125-lər” klubunun təmsilçiləri birmənalı dəstəkləyəcək. Başqa sözlə, seçki blokunda əsas söz sahibi Ümid olacaq. Bu ssenari isə AMİP rəhbərliyini qane etmir. Hazırda danışıqlar prosesində anlaşılmanın əldə edilməməsinin əsas səbəbi budur.
Bundan savayı, AMİP son parlament seçkilərində müxalifət partiyaları daxilində ən çox namizəd irəli sürən siyasi qüvvədir. AMİP həmçinin bilir ki, indiki məqamda onun bu qüvvələrlə əməkdaşlıq nüfuzuna mənfi təsir göstərə bilər. Odur ki, bu danışıqlar prosesində maksimum öz maraqlarını qarşı tərəfə qəbul etdirmək istəyir.
Digər maraqlı məqam isə ADP-nin mövqeyidir. "125-lər” Siyasi Klubu məsələsində ADP də AMİP-lə eyni cür düşünür. Hesab edir ki, bu klubun üzvləri seçkidə elə Ümidin namizədləri qismində də çıxış edə bilər. İndiki halda "125-lər”in ayrıca tərəf kimi prosesdə iştirakı ADP-nin də maraqlarına ziddir. Çünki belə ssenari reallaşarsa, AMİP-in 30, ADP-nin 30, Ümidin 30 və "125-lər”in 30 namizədi olacaq. Bu halda Ümid öz namizədlərini "125-lər”in vasitəsi ilə irəli sürəcək və de-fakto blokda ən çox namizədi olacaq siyasi qüvvə hesab olunacaq. Bu isə Azərbaycanın ilk siyasi partiyaları olan AMİP və ADP-nin aşağılanması anlamını verir. Məhz bu səbəblərdən Ümidin apardığı bu manevrlər ADP və AMİP-i bir-birinə yaxınlaşdırır və bu iki siyasi qurumun seçkilərdə birgə iştirak etməsi şanslarını yaradır.
Artıq ADP hesab edir ki, "Qarabağ” siyasi bloku saxlanıla, əvəzində Ümid və "125-lər” seçkiyə birgə gedə bilərlər. Bu halda ADP-AMİP müttəfiqliyi yarana və bu iki qurum yeni seçki bloku qura bilərlər. Seçkilərdən sonra isə ADP-Ümid müttəfiqliyi davam edə, "Qarabağ” bloku fəaliyyətini sürdürə bilər. Hazırda ADP, AMİP və Ümid arasında aparılan danışıqlar yeni seçki blokunun yaranmasından daha çox "Qarabağ” siyasi blokunun dağılmasını şərtləndirə bilər.
CAVİDAN