BAKI, 20 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2121” Niva markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

00:46

ŞAMAXI, 20 avqust. TELEQRAF

Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosunun xəbərinə görə, hadisə rayonun Çuxuryurd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Niva” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov və sərnişini, 1956-cı il təvəllüdlü Şövkət Aslanova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.