BAKI, 16 iyul. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Bakı şəhəri, Sabuncu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Əmirov Rəhman Məzahim oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə, habelə küləkli hava şəraitində dənizə girməməyə çağırır.